“Vətən səsi” xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan Baş nazir Nikol Paşinyanın aprelin 24-də İrəvanda qondarma “soyqırımı abidəsi”ni ziyarət edərkən 1915-ci il hadisələrinin beynəlxalq aləmdə manipulyasiya edildiyinə dair səsləndirdiyi bəyanatı şərh edərkən bildirib. O, Paşinyanın bir-biri ilə mübarizə aparan beynəlxalq oyunçuların erməni xalqını və “soyqırımı” iddialarını vasitəyə çevirdiyi barədə bəyanatını tamamilə dəstəkləyib.
“Armtimes”ın yaydığı məlumata görə, həm də Erməni Milli Şurasının eksperti olan Gevondyan deyib ki, 1915-ci ildə Osmanlı imperiyası ərazisindən erməni əhalinin köçürülməsi zamanı kütləvi ölümlərin baş verməsi arxiv sənədləri əsasında yenidən araşdırılmalıdır. O, əmindir ki, Ermənistanın müstəqil dövləti mövcud olduğu müddətcə “soyqırım” kimi hadisələr bir daha baş verə bilməz.
Robert Gevondyan onu da bildirib ki, qondarma “soyqırımı” iddiaları Türkiyənin Ermənistanla sərhədləri açmasını əngəlləyir və bu ölkənin suveren hüquqların pozulmasına gətirib çıxarır: “Bu məsələ uzun illərdir davam edir, “soyqırımı” erməni xalqının şüuruna yeridilib və milli ideologiyanın əsasına çevrilib. Əslində isə siyasət mülahizələr üzərində qurulmamalıdır, real münasibətlər sistemində inkişaf etdirilməlidir. Amma uzun illərdir, Türkiyə Ermənistanla sərhədləri açmır? Niyə? Ona görə ki, bizə inanmırlar, “soyqırımı” məsələsi beynəlxalq müstəvidə tez-tez siyasi alətə çevrilir və bu zaman daha çox xaricdəki diasporun imkanlarından istifadə edirlər. Erməni cəmiyyətində də belə bir fikir formalaşıb ki, sərhədlər açılandan sonra Türkiyə bizi yeyəcək. Bu fikir tamamilə anlaşılmazdır. “Sərhəd açılandan sonra Türkiyə bizi yeyəcək” deyənlər orada yaşayan yüz minlərlə erməniyə baxsınlar. Onlar indi orada çox rahat, təhlükəsiz şəraitdə yaşayır və işləyir”.
Gevondyan deyib ki, Ermənistan dövləti ideoloji siyasəti sahib olduğu 29,743 kvadrat/kilometr ərazidə özünün suverenliyini təmin etmək üzərində qurmalıdır: “Əgər Türkiyə bir gün desə ki, “Mən “Qərbi Ermənistan”ın bir hissəsini verirəm", biz nə edəcəyik? Məncə, biz yenə də heç nəyə nail ola bilməyəcəyik. Əksinə, son 1000 ildə dağlıq ərazilərdə qurduğu dövlətimizə böyük təhlükələr yarana bilər. Soyqırımı, əraqzi iddiaları... Mənim fikrimcə, suverenliyin Rusiya və digər xarici oyunçulara güzəştə getməyin tərəfdarı olan siyasi qüvvələr yenidən “soyqırım” təhlükəsi yaradırlar”.
Elxan SALAHOV