27.04.2026, 17:29
AZ EN
27.04.2026, 15:36 23

Cəbrayılda ilk olimpiada medalçısı: "Doğma torpaqda uğur qazanmaq..."

XƏBƏRLƏR
  • Respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, işğaldan azad olunmuş Cəbrayıl şəhərində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəbinin 8-ci  sinif şagirdi Yusif İsmayılzadə  tarix fənni üzrə gümüş medala layiq görülüb.

"Vətən səsi" xəbər verir ki, Yusif doğma Cəbrayıla köçməzdən əvvəl Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda isə mərhum akademik Mehdi Mehdizadənin adını daşıyan məktəbdə təhsil alır. Bu il respublika fənn olimpiadasında iştirak edərək uğurlu nəticə göstərib. Onun qazandığı bu nəticə işğaldan azad olunmuş ərazilərimizdə ilk olimpiada uğurudur.

Gümüş medala sahib olun Yusif İsmayılzadə "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında deyib ki, əldə etdiyi nailiyyət onun üçün təkcə şəxsi uğur deyil, həm də “Böyük qayıdış” proqramı çərçivəsində doğma yurduma qayıdan şagird kimi qazandığı ilk böyük nəticədir: "Nailiyyətim məndə sözlə ifadə edilməsi çətin olan böyük qürur və sevinc hissləri yaradır. Doğma torpağımda, Cəbrayılda uğura imza atmaq mənim üçün xüsusilə dəyərlidir və yadda qalan bir an kimi həyatımda xüsusi yer tutur. Bu uğur mənə göstərdi ki, qarşıya məqsəd qoyub əzmlə çalışdıqda hər bir çətinliyi aşmaq mümkündür. Əldə etdiyim nəticə mənə daha böyük hədəflər üçün inam verir və daha çox çalışmağa ruhlandırır".

Yusif İsmayılzadə əldə etdiyi nailiyyətdə müəllimlərimin əməyi ilə yanaşı ailəsinin dəstəyi və ona olan inamın böyük rol oynadığını vurğulayıb: "Bundan sonra onların etimadını doğrultmaq üçün daha səylə çalışacaq, məktəbimi və ölkəmi daha yüksək səviyyədə təmsil etməyə çalışacağam. Bu uğur mənim gələcək nailiyyətlərimin başlanğıcıdır və qarşıda məni daha böyük zirvələr gözləyir".

Elxan SALAHOV

Oxşar xəbərlər