Jurnalist Rufik İsmayılovun müsahibi türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu olub.
O, Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin tarixindən söhbət açıb. Bildirib ki, o dövrlərdə bu coğrafiyada ermənilərin yaşayışını, mədəniyyətini əks etdirəcək hər hansı toponimə, tarixi-mədəni abidəyə rast gəlmək mümkün deyildi. Türkoloq alim erməni adının mənşəyi, bədxah qonşularımızın özününküləşdirdikləri mədəniyyət abidələrindən danışıb.
F.Ağasıoğlu bildirib ki, ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və deportasiya siyasətinin davamı olaraq Qərbi Azərbaycanda milli-mədəni abidələrimizə, toponimlərimizə yönəlik soyqırımı cinayətləri də törədilib. Onun sözlərinə görə, tarixi torpaqlarımızda Ermənistan adlı dövlət yaradıldıqdan sonra bu siyasət dövlət səviyyəsində daha geniş vüsət alıb, dini-mədəni, tarixi abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsi, bizə məxsus izlərin silinməsi cəhdləri artıb:
“Ermənilərin Anadoluya, Cənubi Qafqaza gəlmə tarixi bəllidir. Türklər Cənubi Qafqazın aborigen əhalisidir. Ermənilər isə bu coğrafiyaya zaman-zaman köçürülüblər. Hətta onlar öz aralarında bir-birinə erməni deyil, hay deyirlər. Tarixdən bizə məlum olan, ermənilərə heç bir aidiyyəti olmayan Ərməniyyə ərazisinə haylar sahib çıxmaq üçün müxtəlif tarixlər uydururlar. Misal üçün, hayların uydurma tarixinə görə, onların özlərinə ilk hökmdar və dövlət başçısı hesab etdikləri Artaş – Ərtaş erməni deyil, türk olub. O, Selevki dövləti dağılandan sonra özünü müstəqil elan etmiş Ərməniyyənin dövlət başçısı idi. Bunu adıçəkilən hökmdarın vaxtilə öz ərazisinin sərhədlərində basdırdığı sınır daşları, onun üzərindəki qədim yazılar bir daha təsdiqləyir. Bu daşlar 1906 və 1932-ci illərdə tapılıb. Onların üzərində aramey əlifbası ilə 2200 illik bir tarix öz əksini tapır”.
Türkoloq alim söyləyib ki, İrəvan şəhərinin 2800 illik tarixi var:
“Bu şəhərin qədim adı Erebunidir. Bu, Urartu dilində Ər ebi – Ər evi – Əsgər evi anlamındadır. Uni isə qədim Urartu dilində toponimlərə qoşulan şəkilçidir. İrəvan şəhərin ən hündür yerində tikilən müdafiə, istehkam qalası, əsgərlərin qalıb keşik çəkdikləri məkan məhz bu cür adlandırılıb. İndi də həmin Erebuni qalasının qalıqları İrəvan şəhəri ərazisində qalır. Bunun kimi bir çox tarixi faktları ermənilər özününküləşdirməyə çalışıblar. Ermənilər yer adlarını dəyişməklə, o adların daşıdığı mühüm tarixi informasiyaları tarixdən silməyə çalışıblar. Sovet hökuməti illərində Ermənistan SSR Nazirlər Kabinetinin çoxsaylı qərarları ilə rəsmi şəkildə, dövlət səviyyəsində toponim cinayətləri törədilib, yer-yurd adlarımız mərhələ-mərhələ dəyişdirilib. Bununla bağlı arxivlərdə rəsmi sənədlər var”.
F.Ağasıoğlu ermənilərin öz aralarında bir-birinə qarşı olan münaqişələrə də diqqət çəkib. Fakt kimi qeyd edib ki, Qarabağda və İrəvanda yaşayan ermənilər heç vaxt bir-birini qəbul etməyiblər.
Deportasiyaların, soyqırımların xalqımızın taleyində dərin izlər buraxdığını, çoxsaylı faciələrə yol açdığını xatırladan F.Ağasıoğlu, Qərbi Azərbaycan İcmasının yaradılmasını, Qayıdış Konsepsiyasının hazırlanmasını, bu istiqamətdə həyata keçirilən siyasəti, atılan addımları müsbət qiymətləndirib. Bildirib ki, Göyçəyə, Zəngəzura, Vediyə mütləq qayıtmalıyıq.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)