29.03.2024, 01:24
AZ EN
02.11.2022, 15:17 599

Laçın rayonu, Çorman kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Çorman kəndinin özünəməxsus adən-ənənələri vardır. Ümumi cəhətləri ilə Qasımuşağı obasının qüdrətini, əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə fərqlənir. Digər toponimlərin bir çoxu kimi Çormon toponiminin də  yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. El arasında Çormon adlanan bu yaşayış məskəni müxtəlif adlarla adlandırlıb. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan  kənd adından da göründüyü kimi ərazidə bu adda  ikinci bir kəndin olduğuna işarə edilir. Mənbələrdə aparılan araşdırmalardan aydın olur ki,  Çorman kəndinin tarixi ərazisində qərarlaşan bir çox yaşayış məntəqələrinin  yaranışı qədimdir. Qeyd edək ki, qədim türk sözü olan  “Çorman” mürəkkəb isim olmaqla iki hissədən ibarətdir. Sözün birinci hissəsi olan “çor”, “çur” sözünün mənası igid, qəhrəman, güclü deməkdir. Diqqəti cəlb edən məqamlardan biri isə təkcə Qasımuşağı obasında deyil, Laçın rayonunda, bəlkə də, bütün yaxın bölgələrdə, əsasən də yaşlı nəsil arasında məcazi mənada işlədilən ağu, zəhrimar, qara yara və s. kimi sözlərinin sinonimi olan çor sözü acı, tünd sözlərinə daha yaxındır.Çor  oğuz-türk elinin, oğuz-türk tayfasının adı olmaqla yanaşı bir çox toponimlərdə də indiyədək özünü qoruyub saxlamışdır. Yazılı mənbələrə görə Altayda yaşayan  türk tayfalarından biri indi də Çor adlanır. Ağstafa çay vadisinin yuxarı hissəsində (indiki Ermənistan ərazisi) Çor kəngər adlı tayfa yaşamışdır. Azərbaycanda Çoryurd (Yardımlı rayonu) və Qəbələ rayonunda Çorlu adında məhəllə var. Kəlbəcər rayonunda, Qonqur dağının ətəyində, Əsrik inzibati ərazi vahidində olan Çorman kəndi, Şərqi Anadolunun Qara-Çuran (Diyarbəkir Qaraçollu) mahalının olması və s. yerlərdə bu gün də mövcuddur.

Azərbaycan dilinin dialektlərində “çor” sözü eyni zamanda “topa” mənasında da işlənir. Odur ki, oronim yaylaq yeri kimi istifadə olunan bu dağda insanların toplaşması ilə də bağlıdır. Sözün ikinci hissəsi hesab edilən man yenə də qədim tyürk dillərində “mən, insan, adam” mənasında işlənmişdir. Mənbələrdə qeyd olunur ki,  nə Çorman, nə də Köhnə Çorman kəndinin əhalisinin mənşəyi çor tayfasının üzvləri deyil. Köhnə Çorman əhalisinin mənşəyi oğuz-türk tayfasının bir qolu olan Qasımuşağı tayfasına mənsubdurlar. Əvvəllər  evlərin sayı az olan Çorman kəndi bir müddət sonra inkişaf etmiş, evlərin sayı artmış, sakinləri maldarlıqla, əkinçiliklə, bostançılıqla, mahud, xalça, palaz, çuval toxuculuğu ilə məşğul olmuş, onların hər biri mülklərə, bağ-bostanlara və biçənəklərə sahib olmuşlar.

Çoman kəndində həyat və məişət, gündəlik işlərlə yanaşı, müxtəlif yaradıcılıq işləri əhalinin mədəniyyətində əsas yerlərdən birini tutmuşdur.  Bu yaradıcılıq qədimdən bu günümüzə kimi adi geyimdən müxtəlif bəzək və təsərrüfat əşyalarına  qədər olduqca geniş sahəni əhatə edir. Kənddə kustar üsulu ilə ip əyrilməsi, xalça toxunması bir adət-ənənə halını almışdır. Burada yaşayan insanlar əyirmə, toxuma, hörmə və tikmə işlərini arxaik şəkildə aparsalar da, gözəl əl qabiliyyətinə malik olmuşlar. Kənd camaatı 1905-1907-ci il hadisələrinə qədər əl işlərini Gorus və Qarakilsə bazarlarına satışa çıxarırmışlar...

Çoman kəndi Qarabağ xalçaçılıq məktəbinin xalça toxuma  məntəqələrindən biri olmuşdur. Burada gözəl Qarabağ xalçaları toxunurdu. Bu günə qədər qorunub saxlanan Qarabağ xalçaçılıq məktəbinin  Cəbrayıl qrupuna aid edilən “Qasımuşağı xalçaları” (el arasında “Ağqol gəbə”, “Ağqol xalça”, “Tikmə gəbə”, “Tikmə xalça”) adlandırılırdı.

Çorman kəndində ibtidai məktəb fəaliyyət göstərmişdir. Sovet hskimiyyətinin qələbəsindən sonra  kənd sakini şəxsi mülklərdən məktəb binası kimi istifadə olunmuşdur. İlk dövrlər kiçik yaşlı uşaqlar dördillik ibtidai təhsilini Çorman kənd ibtidai məktəbində aldıqdan sonra yeddiillik təhsil almaq üçün Laçın şəhərinə yollanmışlar. 1985-1986-cı ilində kənddə yeni məktəb binası inşa olunmuş, kənd uşaqları öz doğma kəndlərində orta təhsilə yiyələnmişlər.

Dəniz səviyyəsindən 1750 metrdən artıq yüksəklikdə yerləşən Çorman kəndi Bakıdan şose yolla 510 km, qərbdə, rayon mərkəzindən şose yolla 60 km şimal-qərbdə,  Kiçik Qafqaz sıra dağlarında, Qarabağ silsiləsinin cənub-qərb yamacında, civə ehtiyatı ilə zəngin Çiləgəz çayının sahilində yerləşən, hər tərəfi xalı kimi bəzəyən meşə və talalar, gur və sakin axan çaylar, bulaqlar, əzəmətli dərələr kəndə xüsusi gözəllik verirdi. Çorman kəndinin ərazisində dünyada möhtəşəm gözəlliyi ilə məşhur olan el dili ilə desək, gövdəsinə örkən dolanmaz adı Qırmızı Kitaba düşmüş nəhəng qırmızı palıd ağaclarına rast gəlinirdi. Kəndin ərazisində digər tərəfi görünməyən sıx meşələr vardı.

Çorman kəndinin də başı zaman-zaman çox müsibətlər çəkmişdir.Yüz illər boyunca bu torpağa göz dikən  yadellilər hər dəfə qəhrəman Vətən övladları tərəfindən  qovulub geri qaytarılsa da,  1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kəndin sakinlər doğma yurdlarına qayıdacaqları günü səbirsililı gözləyirlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər