22.01.2026, 10:31
AZ EN
22.01.2026, 08:23 35

Böyük Qayıdış Laçında yeni həyat və yeni imkanlar yaradır

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə icra olunan “Böyük Qayıdış” proqramı azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımız üçün yeni sosial-iqtisadi imkanlar formalaşdırır. Doğma yurduna qayıdan əhalinin məşğulluğunun təmin olunması, onların peşə bacarıqlarına uyğun işlə təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Laçın rayonunda da öz müsbət nəticələrini verməkdədir.

Böyük Qayıdış proqramı çərçivəsində Laçına köçürülərək məşğulluğu təmin edilən vətəndaşlardan biri də Vidadi Həsənovdur. Hazırda doğma Laçında yaşayan Vidadi Həsənov Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində “bərbər” zərfi üzrə zəruri avadanlıqlarla təmin olunub.

Vidadi Həsənov bildirir ki, işğaldan əvvəl də Laçında bərbər kimi fəaliyyət göstərib. Doğma yurda qayıtdıqdan sonra yenidən peşəsi üzrə çalışmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Onun sözlərinə görə, agentlik tərəfindən təşkil olunan bir həftəlik təlimlərə cəlb olunub və bu təlimləri uğurla başa vurub.

“Hal-hazırda ailə üzvlərimlə birlikdə doğma Laçında, öz ata evimizdə yaşayırıq. İşğaldan əvvəl burada bərbər işləyirdim. Elə buna görə də bərbər avadanlıqları ilə təmin olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qısa müddət ərzində təlimlərə cəlb edildim və təlimləri uğurla tamamladım. Çox sağ olsunlar ki, az bir vaxtda məni bütün lazımi bərbər avadanlıqları ilə təmin etdilər. Artıq 8 aydır ki, Laçında öz bərbərxanamı açmışam və fəaliyyət göstərirəm. İşim üçün hər cür şərait yaradılıb və bu sahədə fəaliyyətimi davam etdirəcəyəm,” - deyə Vidadi Həsənov vurğulayıb.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, əhalinin dayanıqlı gəlir əldə etməsinə və regionların sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir. Bu cür layihələr Böyük Qayıdışın real nəticələrini əks etdirməklə yanaşı, doğma yurda qayıdan sakinlər üçün yeni həyatın əsasını qoyur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər