18.04.2024, 06:36
AZ EN
24.06.2022, 10:40 920

“Qubadlıdan bal boxçası” istehlakçılara təqdim olunacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunmuş ərazilərə arıçılıq təsər­rüfatlarının köçürülüməsi bu sahə ilə məşğul olan qubadlıların da sevincinə səbəb olub. Bununla əlaqədar Qubadlı Rabitə Qovşağının rəisi, “Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyevlə görüşüb söhbətləşdik.

Y.Quliyev dedi: “Bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı yaylaqları da əlavə olundu və “Dağ arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi kontingentlərlə təchiz olunan arı təsərrüfatlarını doğma yaylaqlarımıza köçürdü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi xəyallarımızı gerçəkləşdirdi... Dədə-babadan arıçılıqla məşğul olduğumuza görə bilirik ki, Qubadlıda bu sahənin inkişafı üçün münbit şərait var”.

Qubadlı arıçıları bu il mayın 2-dən doğma yerlərdədirlər. Köçən təsərrüfatlar Çaypara kəndlərində - Xanlıqda, Muradxanlıda, Halda, İşıqlıda, Muğanda, Dəmirçilərdə, Ulaşlıda, Xocahanda və Çərəlidə yerləşdirilib. Yusif müəllimin bildirdiyinə görə, hələ müəyyən çətinliklər var. “Lakin ora köçməkdə əsas məqsədimiz biznes marağı deyil, sönmüş ocaqlarımızı yandırmaq, öz yurdumuzda dədə-babadan qalan arıçılıq təsərrüfatımızla məşğul olmaqdır,” – deyir təcrübəli arıçı və sözünə belə davam edir: “Orda böyük quruculuq işləri görülür. Biz də Vətənimizə öz töhfəmizi verməyə çalışırıq. Arıcılıq təsərrüfatlarımızda çox yüksək məhsuldarlıq var. İndi süzmə prosesinə başlanılıb, az-çox nə toplanıbsa, onları süzüb, arıları yüngülləşdirib, dağlara, daha yüksəklikdəki ərazilərə köçürürürk. Artıq bizim təsərrüfat Hərtiz dağına köçüb. Hərtiz dağı dəniz səviyyəsindən 1200 metr hündürlükdədir. Oranın bitki örtüyü ilə çay bitki örtüyü eyni deyil. Oradan da gözləntimiz böyükdür, düzdür, ora sərhədə çox yaxındır, sərhədə yaxın getməyə isə icazə yoxdur. Biz də bunu nəzərə alıb icazə verilən yerdən kənara çıxmırıq”.

Yusif müəllim onu da qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi bütün işləri koordinasiya edir. Qubadlı Rayon İcra Hakmiyyətinin də arıçılara dəstəyi böyükdür. Arıçılıq təsərrüfatlarının köçürüldüyü bəzi yerlər, hələ ki, elektrik enerjisi ilə təchiz edilməyib. Buna görə də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Azərişıq”a müraciət olunub ki, problem tezliklə həllini tapsın. Məsələ Kənd Təsərrüfatı Nazirliyinin də diqqətindədir.

Yusif müəllim deyir: “Bu günə qədər bizə Türkiyənin TİKA təşkilatının dəstəyi olub. Onun yardımı ilə “Dağ arıçıları” İctimai Birliyi məcburi köçkünlərin arıçılıqla məşğulluğu üzrə layihələr həyata keçirib. Son layihə 2018-ci ildə Cocuq Mərcanlıda reallaşdırılıb, orada daimi məskunlaşan sakinlərə 150 arı ailəsi verilib”.

TİKA-nın dəstəyi ilə“Dağ arıçıları” İctimai Birliyi arıçılıq­la məşğul olmaq istəyən vətəndaşlara 5 min arı ailəsi verib. İctimai birliyin təşəbbüsü ilə 2017-ci ildə “Qarabağlı” adlandırılan ixrac markası formalaşdırılıb.

Yusif müəllim deyir: “Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində, o cümlədən Qubadlıda istehsal edilən balı və digər arı məhsullarını “Qarabağlı” markasının alt markası olaraq, “Boxça” adlandırmağı qərara almışıq.  “Qubadlıdan bal boxçası” “Qarabağlı” markası ilə satışa çıxarılacaq. Məqsəd odur ki, bu adlara artıq marketlərdə rast gəlinsin. Gələcəkdə əsas məqsədimiz Qubadlıda bir mərkəz formalaşdırmaqdır. Bu mərkəzdə həm süzmə, həm qablaşdırma, həm də anbarlaşdırma üçün şərait yaradılacaq ki, arıçılar onun imkanlarından istifadə edə bilsinlər.

Bizim təsərrüfat damazlıq statusu alıb və yerli boz Qafqaz arılarının təməl sürüsü yaradılıb. Bunu daha da inkişaf etdirib arıçıları hər il ana arılar ilə təmin eləmək mümkündür. İnanıram ki, bütün çətinliklərə baxmayaraq bu işləri həyata keçirəcəyik”.  

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR