21.11.2024, 20:51
AZ EN
24.08.2023, 17:33 263

Məşhur fotoqraf Reza Deqati laçınlı uşaqlarla bağlı yeni layihəyə başlayıb

ŞƏRQİ ZƏNGƏZUR

Avqustun 26-sı Laçın şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsinin birinci ildönümüdür və artıq “Şəhər günü” üçün qonaqlar Laçına gəlməkdədirlər. “Real” TV-nin çəkiliş qrupu Laçında olarkən orada Reza Deqati ilə görüşüblər. Qeyd edək ki, Reza Deqati həm Laçının işğaldan əvvəlki, həm də işğaldan sonrakı foto salnaməsini yaradıb. Tanınmış fotoqraf “Real”-a açıqlamasında bildirib ki, müharibə vaxtı, 1992-c ildə mən Xocalını çəkəndən sonra bütün bu sahəni, Cəbrayılı, Füzulini, Zəngilanı çəkdim. Sonra istəyirdim Şuşaya gedəm, Şuşa yolu da Laçından idi. Mən aprel ayının axırları Laçına gəldim. İşğaldan təxminən 20-25 gün əvvəl görünürdü ki, insanları çox pis gündə yaşadırdılar, bilmirdilər ki, vəziyyət necə olacaq. Ermənilər də atırdılar. Mən bir gün burda qaldım, ermənilər kəndləri atəşə tuturdular. Adamlar bilmirdilər ki, sabah hansı vəziyyətlə qarşılaşacaqlar. Öz doğma evlərindən də çıxmaq istəmirdilər, deyirdilər ki, biz heç vaxt buranı buraxmayacağıq, qalacağıq. Burda çox maraqlı böyük bir Ana abidəsi var idi...

Reza Deqati daha sonra əlavə edir ki, Vətən müharibəsindən sonra mən birinci jurnalist idim ki, ermənilər Laçından təzə çıxdığı zaman gəldim bura: “Ermənilər Laçını qoyub gedəndə evbəev nə cür dağıtmışdılar, nə qalmışdı, onların hamısını mən sənəd kimi fotoaparatla, dronla çəkdim ki, bilinsin ermənilər buranı necə talan ediblər, dağıdıblar və Azərbaycan Laçını nə cür öz əlinə aldı”.

R.Deqati sevinc hissiylə bildirir ki, bu dəfə mən Laçına gələndə, dedim, bəlkə, İsveçrənin hansısa bir şəhərinə gəlmişəm. Heç inanmırdım ki, bir ilin ərzində bu qədər işlər görülə bilər. Bura böyük bir şəhər olub, 1000-nə yaxın sakinlər öz doğma yurdlarına geri dönüblər. Artıq Laçında həyat qaynamağa başlayır: “Mən yeni bir sərgi hazırlayıram - “Laçın uşaqlarının şəkilləri”. Üç həftədir burdayam, evbəev uşaqların hamısıyla görüşdüm, 100-dən çox uşağı gördüm burda. Bunların hamısının fotolarını çəkmişəm ki, burda bir sərgi olsun. Fikrim var ki, gələcəkdə, Amerikada, başqa məmləkətlərdə bunu göstərim. Necə ki, Şuşa, məsələn, yüz il bundan əvvəl mədəniyyət mərkəzi olmuşdu misiqisiylə, orda müğənnilər, muğam ustaları, bəstəkarlar, Üzeyir Hacıbəyov, Bülbül və s. kimi. Buranın da rəqəmsal bir mərkəzə çevirilmə imkanı var. Azərbaycan mədəniyyəti  gələcəkdə bunlarla dünyaya çatdırılar. Mənim fikrimcə, bura gələcəkdə təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın yeni mədəniyyət mərkəzi olar”.

Erməni barbarları tərəfindən dağıdılmış yerdə düzülmüş abidə daşları ilə bağlı fikrini də diqqətə çatdıran Reza Deqati bildirir ki, burda bu daşlardan muzey yaradacaqlar: “Əslində Laçında çox gözəl bir muzey vardı, bu daşların çoxu o muzeydə idi. Amma ermənilər o muzeyi elə dağıtmışdılar ki, muzeydə heç nə qalmamışdı. Qarabağda hər yerdə mən gördüm ki, bütün muzeylərdə nə qədər eksponatlar vardı, hamısını aparmışdlar, yalnız bu daşlar qalmışdı. İndi bunları burda yığıblar bir yerə ki, “Laçın günü ndə muzeydə nümayiş olunsun. Bilirsiniz, bunların hərəsi bir tarixdi. Bunların hamısında Azərbaycanın tarixi yaşayır. Ya burda, ya da şəhərdə bir muzey olacaq. Mütləq bir muzey olmalıdır. Necə ki,  o birisi şəhərlərdə də yenu muzeylər yaradılıb. İnanıram ki, yaxın zamanlarda bura Azərbaycanın gözəl mədəniyyət ocağı olacaqdır.

Qeyd edək ki, Laçın işğaldan azad olduqdan sonra şəhər ilk böyük tədbirə hazırlaşır.  26 və 27 avqust tarixlərində Laçın şəhərində “Şəhər günü” keçiriləcək. Bu tarix  Laçın şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilməsinin ildönümünə təsadüf edəcək. Artıq qonaqlar gəlməyə başlayıblar və  3 həftədir ki, Laçında olan məşhur fotoqraf Reza Deqati həm işğaldan əvvəlki xatirələrini, həm də torpaqlar işğaldan azad olunandan dərhal sonra gördüklərini və bir il sonra şəhərdə aparılan adablıq, quruculuq-bərpa işləri barədə ətraflı məlumat verdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər