Azərbaycanın özünəməxsus tarixi keçmişə malik olan bölgələrindən biri də Zəngilan rayonudur. Rayon ərazisində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə var. Onlardan biri də 1304-1305-ci illərdə inşa edilmiş Yəhya ibn Məhəmməd türbəsidir. Səkkizguşəli olan bu türbə memarlıq-konstruktiv formasına görə digərlərindən fərqlənir. Türbə yonulmuş ağ daşdan tikilib, lakin pərvazı tünd rəngli daşlardan hörülüb. Bəzi alimlərin fikrincə bu abidədən Həkəri çayının sağ sahilindəki Şərifan kəndinə yeraltı tunel varmış. Türbənin maraqlı və orijinal kitabəsi də diqqətçəkəndir. Professor İbrahim Zeynalov yazır ki, kitabə qapı yerindən yuxarı qövsvari çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45-0,90 metrdir. İlk 4 sətirdə müqəddəs Qurani-Kərimdən ayələr verilir. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə binanın memarı və bənnası Əli Məcdəddindir. Türbədə dəfn olunan Yəhya ibn Məhəmmədin kitabədə "zəif qul", "miskin" kimi ləqəblərlə qeyd olunmasına baxmayaraq, feodal təbəqəsinə məxsus şəxs olub.
İsa Musayev