Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun Qaraçanlı kəndi Orta Qaraçanlı kənd inzibati ərazi dairəsinə aiddir. Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsini XIX əsrdə Zəngəzur qəzasının Qaraçanlı kəndindən gəlmiş iki qardaş – Uluxan və Əhmədxan salmışlar. Elə buna görə də kəndə el arasında Uluxan Qaraçanlı və ya Fərzalıuşağı deyirlər. Əhmədxanın oğlanlarından Fərzalı kəndin aşağı hissəsində məskunlaşdığı üçün bura Aşağı Qaraçanlı, digər oğlu Məmmədxan orta hissəsində məskunlaşdığı üçün bura Orta Qaraçanlı, Uluxanın əmisi oğlu Bayram (Balo) isə kəndin yuxarı hissəsində məskunlaşdığı üçün həmin yer Baş Qaraçanlı adlandırılmışdır. Bu kəndə Balouşağı da deyirlər.
İsa Musayev