Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nareştar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Nareştar kəndi Narınclar kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Narınclar kəndi 25 noyabr 2020-ci ildə Azərbaycanın nəzarətinə keçib.
Mənbələrdəki məlumata görə kəndin keçmiş adı Qoca Qurt olmuşdur. Oykonim təhrifə uğrayaraq Nareştar variantında da qeydə alınmışdır. 1992-ci ildə kəndin adı Narınclar kimi rəsmiləşdirılmışdır. Yaşayış məntəqəsi narişlar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Digər bir məlumatda isə bildirilir ki, kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar.
Tahirə AĞAMİRZƏ