Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınan məbədin memarlıq xüsusiyyətləri də bir neçə dəfə alimlər tərəfindən tədqiq edilib. Azərbaycanın görkəmli memarlıq doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Xudavəng bu abidənin respublikamızda ən böyük monastr kompleksi olduğu qənaətindədir.
Xudavəng monastrına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilib. Qədim alban məbəd kompleksi 5 əsas və 4 köməkçi tikilidən ibarət olub. Əsas məbədin uzunluğu 16,2 metr, eni isə 5,8 metrdir. Kompleksin tikintisi zamanı yerli qara bazalt daşı, bişmiş kərpic və əhəng məhlulundan istifadə olunub. Həmin tikililər müxtəlif inşaat materiallarından, fərqli memarlıq üslublarında inşa edilmiş, dini və dünyəvi süjetlərə malik relyeflər, oyma naxışlar və epiqrafiya nümunələri ilə bəzədilib.
Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilib. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. Monastrın ərazisindəki tikililər bunlar olub: qədim bazilika, Arzu Xatun kilsəsi, Böyük Həsən kilsəsi, Kiçik bazilika, Yepiskop Qriqor kilsəsi, Zəng qülləsi.
Monastr kompleksi orta əsrlər Qarabağının mədəniyyət mərkəzlərindən biri olub. Kompleksə daxil olan qədim tikili qalıqları burada çoxsaylı monaxların iştirakı ilə aktiv monastr həyatının olduğunu deməyə əsas verir. Ətraf kəndlərin də bir çoxu monastrın tabeliyində olub. Monastr tarix boyunca dəfələrlə tərk edilib, indiki İran ərazisində yaşamış perslər, ərəblər, səlcuqlar tərəfindən yağmalanıb. XVII əsrdən başlayaraq Xudavəng tədricən tabeliyində olan əraziləri itirərək hazırkı vəziyyətə qədər kiçilib.
Röya SALMANQIZI