Laçın rayonunun Minkənd kəndi Qarabağ yaylasında meşə və axar su kənarında, uca dağların ətəyində yerləşmişdir. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adı minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qıpçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldıqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan 11qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır. Kəndin digər adı Şahsuvarlı olmuşdur. Minkənd kəndi əvvəllər əsasən xərək, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yeraltı qazmadan düzəldilmiş tikililər) adlanan xüsusi tikililərdən ibarət idi. Zaman ötdükcə yerli tikinti materiallardan (yerli çay daşından və ya qaya daşlardan, əhəng-gəc qatışığından, yerli ağac növlərindən alınmış taxta materiallardan) daş evlər tikilmişdir.Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbristanlığının qalıqları qalmışdır. Kəndin ərazisində yerləşən XV əsrdə tikildiyi güman edilən Minkənd məbədi buna gözəl nümunə ola bilər.
Minkənd kəndində yaşayan insanların məlumatına görə, bu ərazilərdə məskunlaşmış ilk insanlar Hüseynlər nəsli olmuşdur. Belə ki,on yeddinci əsrin sonu, on səkkizinci əsrin əvvəllərində Dərələyəz mahalından Zəngəzur mahalına köç etmiş Hüseyn adlı bir şəxs bu ərazilərə gəlmiş və yaşamaq üçün buranı özünə məskən etmişdir. Təmiz havası,billur bulaqları,yaşıl meşəsi və heyvandarlıq üçün bol otlaq sahəlari Hüseynlər nəslindən sonra digərlərinin marağına səbəb olmuş və beləliklə, neçə-neçə nəsillərin gəlməsi ilə böyük bir kənd, Minkənd kəndi yaranmışdır.
Həkəriçayın bir qolu olan Minkənd çayı kəndin ərazisindən keçir. Öz mənbəyini kəndin ərazisində ki, yüksəkliklərdən başlayan bulaqlar Minkənd çayın (Həkəriçayın) yatağına qoşulur. İqlim şəraitindən asılı olaraq çay və bulaqlarda suyu həcmi fəsillər üzrə artıb azalır.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur.
Tahirə AĞAMİRZƏ