Dağyunus Nəbiyev 20 yanvar 1983-cü ildə Ağdərə rayonunun İmarət-Qərvənd kəndində anadan olub. 1992-ci il sentyabrın 14-də Birinci Qarabağ Müharibəsi zamanı Ağdərədə gedən döyüşlərlə bağlı ailəsi doğma kəndlərindən köçkün düşüb.
Onlar əvvəlcə Kəlbəcər rayonunun Ağdaban kəndinə pənah aparıblar. Sonra isə Tərtər rayonunda məskunlaşıblar: “Köçkünlük zamanı da həyatımız keşməkeşli oldu. Kəlbəcər, Tərtər və Bərdədə müvəqqəti sığınacaq tapdıq. Mən 2001-ci ildə Tərtərdə orta məktəbi bitirəndən sonra Bakıda ali təhsil almışam. Ancaq valideynlərim, ailəmiz Tərtərdə yaşayıb”.
Dağyunus Nəbiyev indi özünü dünyanın xoşbəxti sayır. Çünki o, ailəsi ilə 2023-cü ildə öz ata-baba yurdu olan doğma, azad Ağdərəyə, Həsənriz kəndinə köçüb. Ağdərə sakini deyir ki, bundan böyük xoşbəxtlik ola bilməz. Bu sevinci sözlə də ifadə etmək çətindir: “Artıq biz öz yurdumuzdayıq. Yoldaşım burada məktəbdə müəllim işləyir, 3 övladım var. Ağdərədə, bu gözəl torpaqlarda yaşamaqdan qürur duyuram.
Bizə bu böyük sevinci yaşadan yaşadan müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik. Bizim üçün, yurd üçün canından keçən şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah can sağlığı versin”.
Mina RƏŞİD