Bu barədə Laçın rayon Zabux kənd tam orta məktəbinin direktoru Mübariz Rüstəmov "TV1" televiziyasına bildirib.
Mübariz Rüstəmov qeyd edib ki, 1992-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması ilə bağlı məktəbimiz Bakının Pirşağı qəsəbəsində fəaliyyətini davam etdirib: “2020-ci ildə qazandığımız böyük Zəfərdən sonra azad Laçında Zabux qəsəbəsinin açılışı oldu. 2023-cü il dekabrın 13-də 56 şagird və 15 müəllimlə fəaliyyətini doğma kəndində bərpa edən Zabux kənd tam orta məktəbi müasir avadanlıqlarla təchiz olunub.. Qəsəbənin açılışında Prezident İlham Əliyev və Mehriban xanımın iştirakı bütün laçınlıları sevindirdi”.
Direktorun sözlərinə görə, hazırda məktəbin şagirdlərinin sayı 103-dür. Məktəb müasir texnika ilə təchiz edilib, sistem otaqları, fənn kabinetləri şagirdlərin ixtiyarına verilib.
Məktəbin 2-ci sinif şagirdi Ədalət Məmmədov da öz sevincini bölüşür: “Mən qürur duyuram ki, babamın adını daşıyan məktəbdə təhsil alıram. Babam Ədalət Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Bu məktəb mənim üçün çox əziz və doğmadır!”
Mübariz müəllim bildirir ki, Zabux kəndi 223 evdən ibarətdir. Onların 217-si Zabux sakinlərinə məxsusdur: “2023-cü ilin avqust ayının 25-də sakinlər öz doğma yurduna qayıdanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən burada 9 kooperativ təşkilat yaradılıb ki, bu da 100 hektarlarla torpaq sahəsi deməkdir. Hazırda əhali əkib-becərmə işlərini görür. Həmçinin əhali digər təsərrüfatla, məsələn, arıçılıqla da məşğul olur. Elə mən özüm də arıçılıqla məşğul oluram”.
Direktor söyləyir ki, bu il Zabuxun məhsulları satışa çıxarılacaq. İllərlə həsrətini çəkdikləri torpaqda yetişdirdikləri nemətlərin nəhayət ki, bəhrəsini görəcəklər.
Mina RƏŞİD