04.05.2026, 15:25
AZ EN
04.05.2026, 13:44 79

Böyük qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

XƏBƏRLƏR
  • Bu gün Xankəndidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbir keçirilib. Qarabağ Universitetində təşkil olunan tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Bu barədə “Vətən səsi”nə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Azərbaycanın bugünkü inkişafını və əldə edilən nailiyyətləri ümummilli liderin siyasi kursunun parlaq bəhrəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən Qarabağ Universitetinin fəaliyyəti bu siyasətin uğurlu davamıdır.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bu tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi məna daşıdığını söyləyib. O, qeyd edib ki, uzun illər işğal altında qalmış ərazilər dövlətimizin gücü, xalqımızın birliyi sayəsində azad olunduqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyub: “Prezident, YAP-ın sədri İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, bu isə ölkənin tarixində yeni və şanlı səhifə açıb”.

Tahir Budaqov vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Müasir infrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi və iqtisadi aktivliyin artırılması regionun sürətli inkişafını təmin edir. Qarabağ Universitetinin yaradılması elm və təhsil sahəsində atılan mühüm addımlardan biridir və bu ali təhsil ocağı gələcəkdə regionun intellektual potensialının formalaşmasında xüsusi rol oynayacaq”. Ümummilli liderin təhsilə və gənclərə göstərdiyi diqqəti xüsusi vurğulayan Tahir Budaqov bildirib ki, bu siyasət hazırda  prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. O, deyib ki, “Azərbaycan Respublikasının işağladan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur və bu proses mərhələli şəkildə həyata keçirilir: “Artıq Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşma prosesi başlayıb, əhali üçün müasir yaşayış şəraiti yaradılır. Regionda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə mühüm infrastruktur layihələri icra edilir. Xankəndi dəmir yolu xəttinin bərpası, Xocalı hava limanının yenidən qurulması, yol və kommunikasiya xətlərinin çəkilməsi, regionun strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, sahibkarlığın inkişafına dəstək göstərilir, yeni iş yerləri yaradılır və investisiya mühiti yaxşılaşdırılır. Artıq bölgəyə özəl sektor tərəfindən 90 milyon manatdan çox investisiyalar cəlb olunub və bu proses davam edir”.

Səbuhi Qəhrəmanov onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilir. Tədbirin sonunda Qarabağ Universitetinin ictimai həyatında və tədris  prosesində fəal iştirak edən və yüksək nəticə göstərən bir qrup tələbə təşəkkürnamə ilə təltif olunub. Tədbir Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbə və müəllimlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Röya SALMANQIZI

Oxşar xəbərlər