Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin sammitində çıxışı zamanı bəyan edib.
"ASB formatı son dərəcə böyük əhəmiyyətə malikdir. O, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb. ASB-nin 2022-ci ildə Praqada keçirilən birinci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə dördtərəfli görüş təşkil edilmişdi. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və mən taleyüklü qərar qəbul etdik. Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu qərar Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün real imkan yaratdı, gələcək sülhün arxitekturasını müəyyən etdi və 2025-ci ilin avqustunda tarixi Vaşinqton sülh sammitinin təşkilinə doğru bir addım oldu.
"Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və mən sülh bəyannaməsini qəbul etdik. ABŞ Prezidenti də onu şahid qismində imzaladı. Üç liderin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi parafladılar", - Paşinyan xatırladıb.
Ermənistan Baş naziri həmçinin Vaşinqton sammitinin nəticələrinə əsasən razılığın əldə edildiyi TRİPP (Tramp Marşrutu) layihəsinə toxunub. O vurğulayıb ki, bu marşrut regional marşrutların blokadadan çıxarılması və yeni beynəlxalq dəhlizlərin yaradılması yolu ilə qlobal təchizat zəncirlərinin sabitliyinə böyük töhfə verəcək.
"İndi Azərbaycanla sülh əldə etmişik. Artıq iki ildir ki, Azərbaycanla atışmalar nəticəsində itkilər olmayıb. Bu, müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bəri misilsiz bir dövrdür. Bu gün biz Azərbaycanla sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması üzərində sıx işləyirik", - o bildirib. (Report)