17.06.2025, 04:23
AZ EN
05.12.2023, 15:32 388

Ağalı kəndində daha bir ilkə imza atılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Ağalı kən­dində daha bir ilkə imza atılıb. Belə ki,  Ağalı kənd tam orta məktəbində gənc şair, AYB-nin üzvü, Prezident mükafatçısı Elvin Əlizadənin “-29” adlı şeirlər kitabı­nın imza günü keçirilib.

Zəngilanın tanınmış ziyalısı Ceyhun Həsənov tədbiri açaraq əslən bu kənd­dən olan müəllifin həyat və yaradıcılığı barədə məlumat verib. Sonra Azərbay­can Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza Şərqi Zəngəzurun Azər­baycan ədəbi mühitinə bəxş etdiyi şəxs­lərdən, ölkənin ictimai həyatındakı əhə­miyyətindən söz açıb və təqdim olunan kitabdan danışıb. 

Tanınmış yazıçı Əyyub Qiyas 29 il Sumqayıtda məcburi köçkün həyatı ya­şamış ailənin övladı olan Elvin Əlizadə­nin vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərdən söz açıb və onun “Zən­gilan” şeirini səsləndirib. Mədəniyyət İş­çiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Şahin Şəfiyev, şairin qələm dostları Vüqar Rahi və Babək Məmmədli yeni kitab haqqında fikirlərini oxucularla bölüşüblər. Tanınmış xanən­də, "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov müəllifin şeirlərinə bəstələdiyi mahnıları ifa edib. 

Daha sonra çıxış edən Ağalı kənd sa­kini Nurəddin Əliyev oğlu Elvinin yeni ki­tabının təqdimatına qatılan qonaqlara və həmkəndlilərinə minnətdarlığını bildirib. Elvin Əlizadə isə 2021-ci ilin aprelində ilk “Ağıllı kənd” layihəsinin dövlətimizin baş­çısı tərəfindən təməliqoyma mərasimin­də iştirakını xatırlayıb və yeni şeirlərini həmyerlilərinə ərməğan edib. 

Tədbirin sonunda müəllifin imzası ilə kitablar oxuculara paylanıb, qonaqlar da öz kitablarını Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR