22.11.2024, 21:16
AZ EN
22.10.2023, 17:52 241

Tarix İnstitutunun əməkdaşı: Ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb

QARABAĞ
  • Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub “erməni xalqı” adlı yeni millət “formalaşdırmaq” planı Birinci Qarabağ müharibəsindən sonrakı 28 ildə, dünya güclərinin təsiri ilə gündəm olmuşdu.

Bu fikri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib. O deyib: “Qarabağın qədim tarixində xristianlığında digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradırdı. Qarabağın xristianlıq tarixini öz adlarına bağlamaq istəyi ermənilərə nəsib olmadı. Çünki Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastırların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmirdi. İşğal dövrü, Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastırların formalarını dəyişmək, ya da uçurdub yerlərində yenilərini tikmək üçün layihələr həyata keçirirdilər”.

Faiq İsmayılov qeyd edib ki, Qarabağ xristianlarının öz dini görüşləri, inancları kimi amillər ermənilərə xristian mədəniyyətini mənimsəməyə mane olurdu. Qarabağda xristian ziyarətgahlarının böyük əksəriyyətinə xristianlarla bərabər müsəlmanların da etiqadı xristian dininin Qarabağda təşəkkül tapmasına və yayılmasına təkan verən amillərdən bəlkə də ən böyüyü idi.

Xristian dininin daşıyıcıları olan kilsə, monastır, məbəd, və sovmələrin tikintisində türk xalqlarının da iştirakı, adı çəkilən abidələrin üzərində xristianlıqdan öncəki fəsəfi dünyagörüşün elementlərinin bu məbədlər və xaçlar üzərində yer almasına səbəb olmuşdu. Xristian abidələri üzərindəki türk elementlərini nəinki Qarabağda, eyni zamanda, Zəngəzurda, Göyçə gölü hövzəsində, Dərəçiçək mahalında daha çox müşahidə etmək mümkündür.

“Xocavənd rayonunun Sos kəndindəki Amaras monastırı, Ağdərə bölgəsindəki Dədəvəng monastırı, Kəlbəcər rayonundakı Gəncəsər monastırı və Kolatağ məbədi kimi məşhur dini ibadətgahlar bu qəbildən olan abidələrdəndir. Lakin ermənilərin Qarabağda xristianlığa qədər və xristianlıqdan sonrakı dövrlərdə tikilmiş bütün memarlıq qurğuları, hətta yeraltı zirzəmiləri və kahaları bir qayda olaraq kilsə və ya monastır adlandırmaları elmdən kənar, əsası olmayan boşboğazlıqdır. Çünki kilsə, formasına görə kilsədir, monastır, formasına görə monastırdır. İnam və inanc yerləri hansısa tarixi kökə söykəndiyinə və tarixi əhəmiyyətinə görə etiqad yerləridir.

Ermənilərin işğal dövrü Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq, kilsə adlandırıb onların 59-nu tanrı anasının adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. Ermənilər işğal dövrü dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri cızır, erməni dilində ayinlər yazır və dövrü mətbuatda erməni kilsəsi və ya erməni monastırı kimi təqdim edirlər.

İstər-istəməz sual yaranır, insanların yaşamadığı ərazilərdəki bu qədər çoxsaylı “erməni kilsələrinin” olması hansı zərurətdən yaranır? Hətta 30-40 ailənin yaşadığı bir kənddə iki kilsənin olduğunu iddia etmək nə dərəcədə doğrudur? Dini etiqad-inanclar inamdan doğur, doğurdanmı bir kənddə yaşayan 30-40 erməninin hamısı inanclıdır? Əgər inanclıdırlarsa 30-40 nəfər insan nədən bir kilsəyə sığışmır? Bu kimi sadə və primitiv məsələlərin araşdırılmasından da aydın olur ki, erməniləri din ətrafında birləşdirən onların dini inancları deyil, Azərbaycana qarşı ərazi iddialarıdır”.

İnstitutun əməkdaşı vurğulayıb ki, elmi ədəbiyyata əsasən, keçmiş əsrlərdən yadigar qalan bütün bina və qurğuları erməni kilsəsi və ya monastırı adlandırmaq yolverilməzdir. Bunu nə xalqın iradəsi nə də elm qəbul etməyəcək. Qarabağ regionundakı abidələr üzərində, xristianlıqdan əvvəlki mədəniyyətin kökündə dayanan bütpərəst nüvənin ayrı-ayrı hissəcikləri və tarixi inkişafın bütün mərhələləri üzərində görünür. Şərq xalqlarının mədəniyyətlərinin inkişafında güclü rolu olan oğuzların və zərdüştiliyin təsiri dövrünə aid baxışlar, adətlər və maddi mühitdə mədəni və məişət qalıqlarına Qarabağ abidələri üzərində rast gəlmək mümkündür. Ona görə də bütün tarix və mədəniyyət abidələrini dini xarakterli qurğular kimi təqdim etmək tarixin təhrif edilməsinə səbəb olur.

Din, Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə etiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini təmin edə biləcəyinə inanır. Din insanları gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və xeyirxah işlər görməyə çağırır. Din əsasən üç hissəyə bölünür: etiqad, əxlaq və əməl. Bu prinsip etibarı ilə bütün dinlərdə belədir, xeyirxahlıq, humanistlik bütün dinlərin təməl prinsiplərini təşkil edir.

Bəlkə də bu baxımdan İslam dini bu ərazilərə hakim olduqdan sonra, xristianlığı yox etmədi. Onunla yanaşı addımladı, xristian dininin daşıyıcılarına hörmət və etiqadla yanaşdı. Dini seçimdə insanın azadlıqlarına toxunulmadı. Bir qayda olaraq insan öz həyatında hər hansı bir dini seçərsə, həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Lakin ermənilərin Cənubi Qafqaza gəlişi, özü ilə bərabər ayrı-seçkilik, düşmənçilik, nifaq gətirdi.

Qarabağlıların inam və etiqadları

Faiq İsmayılov vurğulayıb ki, Qarabağda inam və etiqadı ermənilərin işğal dövrü dağıtdığı mədəni irsin xarabalıqlarında, antik qalalarda, bədii daş təsvirlərində axtarmaq lazımdır. İnam və etiqadları, adət və ənənələri din yaratmayıb. Onlar dindən yüz illər öncə mövcud idi. Ocağa, günəşə sitayiş, toy və yas mərasimlərini yerinə yetirilməsi, təbiətə, ağaclara, bulaqlara sitayiş bu qəbildən olan inam və etiqadlardır.

Qarabağın bir çox səciyyəvi inanc və adətləri qədim Albaniyada yaşayan xalqların inanc və adətləri ilə üst-üstə düşür və bu mənşəyin özəlliyini göstərir. Bu xalqlarda pisliyə nifrət, pis əməllərdən çəkinmə hissləri onların şüurunda bu günümüzə qədər yaşayaraq gəlib çatıb. Şüurda müqəddəs kimi özünə yer tapan hər şeyi qoruyub yaşatmaq adəti dəb olub.

Erməni adətlərindən fərqli olaraq, Qarabağ sakinlərində oda, günəşə etiqad və məhəbbət müqəddəs və güclü olub. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər gəlib çatıb. İndinin özündə belə Azərbaycanda “o gün haqqı”, “o ocaq haqqı”, “Gözümün nuru”, “qəbri nurla dolsun”, “o günəşin şölələri haqqı” kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir.

Qarabağ əhalisi, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Hal hazırda xristian dininin simvolu sayılan xaçların yaranması insanların günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.

Qədim əsatirlərdə göstərildiyi kimi, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaqkı dövrlərdə qədim türk tayfalarının böyük rolu olub. Ozamankı insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olub.

Xaç simvollarının araşdırılmasında Alban dövrünə aid araşdırma daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdı. Çünki Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacınxaçın təsvirinə daha yaxındır.

Qarabağda xaç obrazı

Alban xristianlarının xaçdaşlarında müxtəlif, biri-birinə aidiyyəti olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədər inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunub.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, yəni özünəməxsus yolla gedib. Burada söhbət, eyni zamanda, xristianlığa qədər mövcud olmuş dini–ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi və Qafqaz Albaniyasının bədii daşlarından gedir. Bütün Alban yazılı daşların üzərindəki xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini–bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların daş yazılarında və xaç təsvirlərində yoxdur.

Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki, sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaç daşlarının, başdaşılarının və nişandaşlarının) bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.

Lakin ermənilərin Qarabağda yerləşdirilmələrindən sonra Azərbaycan mədəni irsinin unikal nümunəsi olan xaç daşlarını da yeniləşdirmə, qloballaşdırma həvəsi bu daşları öz mənşəyindən ayırır qədim adət və ənənələrin, inam və etiqadların unutdurulmasına səbəb olur.

Bütün bu təhlildən sonra belə bir qənaətə gəlmək olur ki, ermənilərin keçən əsrlərdə Qarabağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb. (AZƏRTAC)

Oxşar xəbərlər