"Hraparak"ın bu günkü buraxılışında "RF Cənubi Qafqazın geopolitik dekorasiyasını dəyişir" başlıqlı məqalədə rusiyalı analitik Stanislav Tarasovun RF xarici işlər naziri Sergey Lavrovun Azərbaycandakı iki günlük səfərinə münasibəti şərh edilib. Qeyd olunur ki, S.Tarasov Lavrovun Bakıdakı açıqlamalarını tənqid edib. Vurğulayıb ki Rusiya "Moskva-Bakı-İrəvan horizontal əməkdaşlıqdan "Moskva-Bakı" birbaşa diplomatiyasına keçməklə şimal-cənub nəqliyyat dəhlizinin reallaşmasına nail olmaq istəyir. Azərbaycanla Rusiya arasında 150-dən çox beynəlxalq əhəmiyyətli sənəd imzalanmasının qarşılıqlı etimadın qarantı olduğunu vurğulayan analitik hər iki dövlət başçısının daim əlaqə saxladıqlarını xatırladaraq deyib ki, onlar təkcə ötən il 7 dəfə görüşüb, 12 dəfə isə telefonla müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Ermənistanda avropalı müşahidəçilərin olmasının həm Bakı, həm də Moskva tərəfindən qəbuledilməzliyinin Ermənistan rəsmilərini qıcıqlandıran amillərdən biri olduğunu vurğulayan analitik məhz bu faktorların nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində çətinliklər yaranacağını da xüsusi olaraq diqqətə çatdırıb.
Bununla bağlı ermənilər tərəfindən edilən şərhlərin əksəriyyəti isə belə qənaətə gəlməyə əsas verir ki, haylar yeni bəhanələr axtarışındadırlar və danışıqların aparılmasını əngəlləmək fikrindən daşınmaq istəmirlər.
Nəsib Qaramanlı