Son dövrlər bölgədə adı daha çox hallanan dövlət İrandır. İran Cənubi Qafqaz və Şərqdə öz nüfuzunu artırmaq, söz sahibi olmaq istəyir. Bunun üçün isə Fransa, Ermənistan və ermənipərəst dövlətlərdən istifadə etməyə çalışır. Artıq neçə illərdir ki, Fransa-Ermənistan-İran üçbucaq bacılığı sözügedən məsələdə aktivliyi artırır. Burada görüləcək ilk iş isə Ermənistanla Azərbaycan arasında sülh prosesini əngəlləmək, yeni müharibəni alovlandırmaqdır. Bu bacılığın iş birliyi 1978-ci illərin sonlarından başlayır. Belə ki, Fransada hazırlanan İslam inqilabı nəticəsində Şah hakimiyyəti tarixin səhnəsindən silinib arxivə verildi. Məhz bundan sonra İran Fransadan asılı vəziyyətə düşdü və bu, Tehranın İrəvanla yaxınlaşmasına gətirib çıxardı. Birinci Qarabağ savaşında, aprel döyüşləri və 44 günlük Vətən müharibəsində də İran öz vədinə daha çox sadiq qaldı. Lakin unutmaq olmaz ki, məqsədsiz, məramsız, öz mənafeyini hər şeydən üstün tutan dövlətlərin birliyi o qədər də uzun sürmür. 2023-cü il yanvarın 6-da İran paytaxtdakı Fransa Araşdırmalar İnstitutunun fəaliyyətini dayandırıb. Səbəb isə Fransanın "Charlie Hebdo" jurnalının son sayında Ayətullah Əli Xamneyi və onun həmkarları olan din xadimlərini ələ salan karikaturalar dərc etməsidir. Bir vaxtlar İslam dövləti qurmaq üçün dəridən - qabıqdan çıxan rəsmi Paris indi niyə din xadimlərini ələ salır. Deməli, İrandakı etirazların səngiməsini istəməyən Fransa bu yolla İrana təzyiqləri artırmaqla Ermənistana kömək etməyi ön plana çəkir. Lakin məsələnin digər tərəfini anlamayan Paris Ayətullah Əli Xamneyi və din xadimlərini təhqir etməyin nə olduğunu nəzərə almayıb. Ona görə də İran Xarici İşlər Nazirliyi bildirib ki, İrandakı Fransa Araşdırmalar İnstitutunun bağlanması hökumətin "cavab olaraq ilk addımı"dır. İran Fransanı "nifrət dolu işlərin günahkarlarını və sponsorlarını məhkəməyə vermədiyi" təqdirdə əlavə tədbirlər görəcəyi ilə də hədələyib. Buradan aydın görünür ki, Fransa-İran-Ermənistan bacılarından ibarət üçbucaq çat verdi.
İsa Musayev