Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü Ermənistanın və onun himayədarlarını əndişələndirib. Buna səbəb Azərbaycan ordusunun şanlı Zəfərinin ikinci ildönümü ilə əlaqədar Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada hərbçilərlə görüşü zamanı etdiyi dərin məzmunlu və proqram xarakterli çıxışı zamanı Ermənistana və onun himayədarlarına ismarıcı olub. Bu qardaşlıq zirvə toplantısında İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü və çıxışları da düşmənlərin növbəti ittiham dolu paxıllıqları ilə qarşılanıb. Noyabrın 11-də Ermənistanın bütün kütləvi informasiya vasitələrində Türk dövlətlərinin zirvə görüşü barədə yayımlanan xəbərlərdə o da qeyd olunur ki, Orta Asiyadakı türk dövlətləri həm də Ermənistanın da üzv olduğu KTMT üzvləridir. Noyabrın 23-də keçiriləcək KTMT ölkələrinin liderlərinin zirvə görüşündə həmin türk dövlətlərinin başçıları da iştirak edəcək və cari məsələlərlə bağlı öz münasibətlərini bildirəcəklər. Erməni KİV-ləri belə bir sərsəm fikri də ortaya atıblar ki, türk dövlətləri təşkilatında təmsil olunan Orta Asiyanın türk dövlətləri KTMT-da təmsil olunmamalıdır, yaxud əksinə. Bu məsələnin noyabrın 23-dəki görüşdə Ermənistan tərəfindən qaldırılacağının güman edildiyini xəbər verən «Hraparak» qəzeti isə, ümumiyyətlə, KTMT-nın bir qurum kimi fəaliyyətinin dayandırılmasının vaxtının çoxdan bitdiyini vurğulayıb. Görünür, ermənilər və havadarları yeni oyun çıxarır. Bu oyun dünən İrəvandakı rus səfirliyinin önündə keçirilən etiraz aksiyası ilə start götürüb.
Nəsib QARAMANLI