Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Deputat bildirib ki, onlardan Arayik Harutyunyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən siyasi hərəkata rəhbərlik edib, başqa ölkənin işğalçı ordusunun Azərbaycan ərazisində yerləşməsi üçün imkanlar yaradıb, törətdiyi cinayətləri etiraf edib:
"Qarabağdakı keçmiş qondarma rejimin başçısı dinc yaşayış məntəqələrini hədəf alan dağıdıcı raketləri məhz onun əmrindən Azərbaycana atıldığını etiraf etiraf edib. Ona görə də, düşünürəm ki, Arayik Harutyunyan və digərləri haqlı cəzasına çatdı. Azərbaycanın hüquq sistemi ədalətli şəkildə onların cinayətlərini sübuta yetirdi və ömürlük həbs cəzasına məhkum etdi.
Prosesdə iki məsələ aydın oldu. Birincisi, Azərbaycanın separatçılar, hərbi cinayətkarlar üzərində qurduğu məhkəmə hamıya bir mesaj oldu ki, heç kəs bir daha onun ərazisində bölücülük fəaliyyəti ilə məşğul ola bilməyəcək. Həmçinin, heç kəs üçüncü qüvvələrə arxalanaraq, vətəndaşı olduğu Azərbaycan dövlətinə xəyanət edə bilməyəcək. Gec və ya tez bu cür əməllərə yol verənlər mütləq Azərbaycan hüququ qarşısında cavab verməli olacaqlar. Düşünürəm ki, bu ibrətamiz dərsdir".
Deputatın fikrincə, erməniəsilli şəxslərin məhkəmələri, xüsusən hərbi məhkəmə göstərdi ki, cinayətkara hüquqi kontekstdə, hüquqi etika və davranışlar çərçivəsində qiymət verilir:
"Azərbaycan hüquq-məhkəmə sistemi başqa zorakı tədbirlərlə deyil, cinayətkarı məhz hüquq vasitələrindən, alətlərindən istifadə edərək cəzalandırır. Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin ədalətli məhkəmə prosesi, qəbul edilən ibrətamiz qərar dostlar üçün fəxarət, düşmənlər üçün dərs olsun!"
Qeyd edək ki, ötən gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən 15 nəfərə hökm oxunub.
Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər. (Report)