18.10.2024, 16:19
AZ EN
11.09.2023, 09:00 212

İlyas Hüseynov: “İranla Ermənistan arasında münasibətlərdə də hazırda ziddiyyət müşahidə olunur”

YAZILAR
  • “İranın sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”. Bunu  İran hərbi nümayəndə heyətinin tərkibində Bakıya səfər edən general-mayor  Məhəmməd Hədi ifadə edib. Əslində İranın silahlı qüvvələr baş qərargahının idarə rəisinin bu sözləri ümumi mənzərəyə aydınlıq gətirir. Məsələ ondadır ki, Ermənistan siyasi rəhbərliyinin bir əldə bir neçə qarpız tutmaq cəhdi Cənub qonşumuzu da ciddi narahat edir. Rəsmi İrəvanın Qərbə qucaq açması İranın xarici siyasətinə tamamilə ziddir. Belə vəziyyətdə hədəf yayındırmağa çalışan Ermənistan seqmenti guya İranın Azərbaycanla sərhədə qoşun yığması xəbərini tirajlayır. Halbuki, İrana ən böyük təhlükə küləyi elə Ermənistan tərəfdən əsir.

Politoloq İlyas Hüseynov “APA”ya  açıqlamasında bildirib ki, İranla Ermənistan arasında münasibətlərdə də hazırda ziddiyyət müşahidə olunur: “Çünki keçirilən danışıqlardan sonra  İran tərəfinin yaydığı açıqlamada şübhəli səfərlər və məhz Ermənistanın Qərb strukturları ilə əməkdaşlığa dair xüsusi vurğular hiss olunmaqdadır. Baş nazirin xanımının Ukraynaya səfər etməsi, digər tərəfdən həm də  Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyasından sonra ABŞ-la keçirilən təlimlər belə görünür ki, İran tərəfini qıcıqlandırır”.

İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin “Tviter”dəki paylaşımı xatırlayaq: “3+3 formatından kənar ünsiyyət qurmaq, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və  şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir”.

Demək ki, Ermənistanın Avropa İttifaqı və NATO ölkələrinin nümayəndələrinin “müşahidəçi” adı ilə regiona gətirilməsi İran siyasi rəhbərliyinin diqqətindən yayınmır və bu onları ciddi şəkildə narahat edir.

“Hiyləgərlik etməyə çalışan Paşinyan həm Qərb strukturları ilə, xüsusilə NATO ilə, ABŞ, Fransa ilə əməkdaşlığa can atır. Rusiyanı kənarda saxlamağa çalışır. İran tərəfindən isə siyasi və hərbi dəstəyə ümid edir”,- deyə İlyas Hüseynov vurğulayıb.

Artıq əminliklə demək olar ki, Rusiya ilə İran Paşinyanın siyasi kaprizklərinə dözməyəcəklər. Ermənistan səfirinin ilk dəfə olaraq, Rusiya xarici işlər nazirliyinə çağırılaraq nota verilməsi faktı da sözümüzə qüvvət verir. Hazırkı vəziyyətdə Paşinyan hökuməti təkcə Azərbaycana deyil, ümumilikdə regiona düşmən kəsilib. Məlum vəziyyətdə xilaskar ovu üçün ən uğurlu namizəd Ermənistana 44 günlük tarix dərsi vermiş Azərbaycandır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər