02.04.2026, 15:55
AZ EN
02.04.2026, 13:48 167

Regional əməkdaşlıqdan qlobal gücə doğru

YAZILAR
  • Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin baş nazirlərinin ikinci görüşünün keçirilməsi bu qurumun artan nüfuzunun və əməkdaşlıq imkanlarının genişləndiyini bir daha göstərir. Türk dünyası artıq yalnız regional deyil, həm də qlobal miqyasda diqqət çəkən siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir.

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb. Bu görüş təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, TDT yalnız regionda deyil, bir sıra qlobal məsələlərdə də xüsusi mövqeyə malik qurumlardan biridir. V.Bayramov bildirib ki, 2,1 trilyon dollar nominal ÜDM-ə sahib olan Türk dünyası yeni regional əməkdaşlıq modeli kimi çıxış edir: "Geniş və strateji baxımdan əhəmiyyətli coğrafiyanı əhatə edən bu təşkilat çərçivəsində üzv ölkələr arasında ünvanlı və sistemli əməkdaşlıq həyata keçirilir.

İqtisadi göstəricilər də Türk Dövlətləri Təşkilatının potensialını açıq şəkildə nümayiş etdirir. Əgər Türk ölkələri vahid iqtisadi blok kimi fəaliyyət göstərsəydi, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük yeddinci iqtisadi güc olardı. Belə ki, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) əsasında ümumi daxili məhsulu 5 trilyon 476 milyard dollar təşkil edir. Eyni zamanda, bu göstəriciyə əsasən Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan artıqdır".

Bütün bu faktlar göstərir ki, Türk dünyası sürətlə inteqrasiya olunur, əməkdaşlıq əlaqələri genişlənir və iqtisadi inkişaf dinamik şəkildə davam edir. Türk dövlətləri heç vaxt indiki qədər bir-birinə yaxın və koordinasiyalı fəaliyyət göstərməyib. Bu proses isə həm sevinc doğurur, həm də bəzi dairələrdə narahatlıqla qarşılanır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər