Azərbaycan Müdafiə Nazirliyi bu barədə rəsmi şəkildə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına narazılığını bildirsə də,
Rusiya Federasiyasının sülhməramlı kontingentinə müraciətlərə etinasız yanaşması təəssüf doğurur. Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən Dağlıq Qarabağ ərazisi ifadəsinin işlənməsi yolverilməzdir. Rusiya MN-nin bilərəkdən bu cür addımlar atması Azərbaycan dövlətinin və cəmiyyətinin ciddi narazılığına səbəb olub.
Bu barədə Müdafiə Nazirliyinin sonuncu müraciətində bildirilir: “Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir. Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq. 28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR”.
Mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının mətbu orqanlarında Azərbaycan ərazilərinin erməni toponimi ilə göstərilməsi ilk belə hal deyil: “Bu, sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə başlayan erməniyönümlü fəaliyyətin davamı kimi qiymətləndirilməlidir. Sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərin hərbi xəritələri Rusiya Baş Qərargahından Cənub Hərbi Dairəsinə, oradan da sülhməramlı missiyanın qərargahına ötürülür. Bu xəritələr sovet dönəminə aid olduğu üçün, həmin ərazilərin adları erməni, rus toponimləri ilə qeyd olunub. Görünən odur ki, sülhməramlılar təmas bölgəsində baş verən hadisələri bu xəritələr üzərində göstərməyi özləri üçün məqbul hesab edirlər”.
Ekspert daha sonra bldirib ki, məsələnin həlli istiqamətində Azərbaycan və Rusiya tərəfi birgə xəritələr hazırlaya bilərlər: “Rusiya sülhməramlılarına Azərbaycan toponimləri ilə yazılmış xəritələr verilə bilər. Eyni zamanda ortaq əməkdaşlıq vasitəsilə də bu cür xəritələr hazırlamaq olar. Bu xəritələrdə rayonlarımız, şəhərlərimiz, yaşayış məntəqələrimiz Azərbaycan toponimləri ilə qeyd olunmalıdır və Rusiya tərəfi də bu məsələdə müəyyən addımlar atmalıdır. Lakin təəssüf ki, onlar bunu istəmirlər”.
O, əlavə edib ki, Rusiya sülh sazişi və sərhədlər müəyyən olunmadığı üçün belə addımlar atmır. Lakin biz bilirik ki, Rusiya prezidenti V.Putin “Qarabağ Azərbaycan ərazisidir”-, deyərək, bu ərazilərin Azərbaycana məxsusluğunu həm erməni tərəfi, həm də öz xalqı üçün bəyan edib. Ona görə də qarşı tərəfə irad bildirməkdə haqlıyıq. Hesab edirəm ki, qarşılıqlı koordinasiyalar nəticəsində bu problemlər öz həlini tapa bilər.
Hazırladı: Tahirə AĞAMİRZƏ