“İstisu” sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinin diqqət mərkəzində olub. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edib. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb.
Alimlərin qənaətinə görə, Kəlbəcərdəki İstisu mineral bulağı 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması nəticəsində əmələ gəlib. Kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular Çexiyadakı məşhur Karlovı-Varı bulaqları ilə eynidir. Hətta bir çox digər xüsusiyyətlərinə görə Kəlbəcər İstisuyunun dünyada yeganə olduğu deyilir. Dərinliklərdən qaynayaraq yerin səthinə çıxan suyun hərarəti 58,8 dərəcədir. Bir litr istisuda cəmi mineralların sayı 6,7 qrama çatır ki, həmin kimyəvi maddələr arasında litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium və dəmir xüsusi çəkiyə malikdir.
Kəlbəcərdəki termal sulardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral suları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.
Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Kəlbəcər rayonu eləcədə burada olan tarixi-mədəni abidələr, flora-fauna, qızıl yataqları, təbii mineral bulaqlar və.s erməni vandalığının qurbanı oldu. 27 ildən artıq düşmən tapdağı altında qalan bu cənnət diyar sözün əsl mənasında talan olundu.
Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində Kəlbəcər rayonu 27 il 8 aydan sonra düşmən tapdağından azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər, rayonunu qeyd-şərtsiz tərk etməli oldu. 25 noyabr 2020-ci ildə rəsmən boşaldıldı və Azərbaycan Ordusunun nəzarətinə keçdi. İşğaldan azad edilmiş digər ərazilər kimi Kəlbəcər də bərba-quruculuq işləri sürətlə davam edir. Dünyaca məşhur olan “İstisu” komleksinin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il iyunun 26-da qoyulub və təmir-bərpa işlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024 -ci il sentyabrın 2-də Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.
Röya SALMANQIZI