“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, parlament sədri sabiq prezidentdən sosial şəbəkə və ya media vasitəsilə üzr istəməsini, təhqirə görə 1 milyon dram (2500 dollar) təzminat və 530 000 dram (1300 dollar) məhkəmə xərcini ödəməsini tələb edir.
Ermənistandakı “Hetq.am” nəşrinin yazdığına görə, Simonyan tələb edir ki, eks-prezident onu təhqir etdiyinə görə ondan rəsmi qaydada üzr istəməlidir: “Köçəryan deməlidir ki, 2026-cı il yanvarın 29-da keçirdiyim mətbuat konfransında Alen Simonyan haqqında təhqiramiz ifadələr işlətdim və buna görə cənab Simonyandan üzr istəyirəm”.
Parlamentin sədri üzrxahlığın mətninin Robert Köçəryanın “Facebook” səhifəsində ən azı 5 iş günü ərzində hamı üçün əlçatan və görünən formada, yaxud bu mümkün olmadığı təqdirdə, ən azı beş min nüsxə tirajla çap olunmuş nəşrdə dərc olunmasını tələb edir.
Xatırladaq ki, Robert Köçəryanın yanvarın 29-da keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən onun prezidentliyi dövründə ordudakı pis vəziyyətə dair Simonyanın söylədiklərinə təhqirlə cavab vermişdi: “Əgər Alen Simonyan ordunun döyüş hazırlığını qiymətləndiririsə, onda biz hara gəlib çıxmışıq? Bu adam ordu haqqında nə bilir? Şübhə edirəm ki, o, heç vaxt layiqincə xidmət etməyib. Çünki belə alçaqlar layiqincə xidmət edə bilməzlər”.
Elxan SALAHOV