27.02.2026, 11:12
AZ EN
26.02.2026, 18:33 230

Şahin Bayramov: "Xocalıda soyqırımı qurbanlarının anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir"

YAZILAR
  • Bu gün Xocalı soyqırımının törədilməsindən 34 il ötür. XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb, insanlıq adına qara ləkə kimi tarixə həkk olunub. Zaman keçdikcə Xocalı həqiqətləri daha aydın dərk olunur, bu hadisənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğu tarixi və hüquqi müstəvidə daha da möhkəmlənir.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

1992-ci ilin fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilib, minlərlə soydaşımız ağır işgəncələrə məruz qalıb. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Xocalı soyqırımına ilk siyasi və hüquqi qiymətin verilməsi müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz əbədiyaşar liderimizin prinsipial mövqeyi nəticəsində bu faciəyə obyektiv hüquqi-siyasi qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün möhkəm təməl yaradılıb.

Sonrakı dövrlərdə Azərbaycan dövlətinin ardıcıl siyasəti, eləcə də Heydər Əliyev Fondunun təşəbbüs və fəaliyyəti sayəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində misilsiz işlər görülüb. Müxtəlif ölkələrdə təşkil olunan konfranslar, anım tədbirləri, sərgilər və informasiya kampaniyaları bu həqiqətlərin qlobal miqyasda yayılmasına əhəmiyyətli töhfə verib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımız, o cümlədən doğma Xocalımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər, eyni zamanda, Xocalı qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin qisasının alındığını bütün dünyaya nümayiş etdirdi. Soyqırımı cinayətlərində iştirak etmiş bir qrup erməni separatçısının Azərbaycanda məhkəmə qarşısına çıxarılması isə ədalətin bərpasının və dövlət iradəsinin təntənəsidir.

Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.

Tarixən xalqımıza qarşı törədilmiş qanlı cinayətlər, o cümlədən Xocalı soyqırımı heç zaman unudulmayacaq. Bu yaddaş milli kimliyimizin ayrılmaz hissəsinə və gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizə çevrilib. Azad edilmiş torpaqlarda fəaliyyət göstərən ali təhsil müəssisəsi olaraq Qarabağ Universitetinin əsas missiyalarından biri gənc nəslə bu tarixi həqiqətləri çatdırmaq, onların milli yaddaşını möhkəmləndirmək və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir. Universitetimiz Xocalı həqiqətlərinin beynəlxalq akademik müstəvidə də geniş yayılması istiqamətində fəaliyyətləri diqqət mərkəzində saxlayır.

Bir daha Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyirik. (AZƏRTAC)

Oxşar xəbərlər