Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi - 1969-1982-ci illər respublika tarixinə ən parlaq quruculuq dövrü kimi yazılıb. Belə ki, həmin illərdə ölkənin sosial, iqtisadi və mədəni həyatında dönüş nöqtəsi yaranıb. 1960-cı illərdə respublika ittifaq üzvləri arasında iqtisadi göstəricilərinə görə geridə qalırdı və idarəetmə strukturunun qeyri-effektivliyi ciddi problemlər yaradırdı. Ulu Öndər Heydər Əliyev institusional idarəetmə mexanizmlərini yenidən qurdu, iri sənaye müəssisələri yaradıldı, milli kadr siyasəti formalaşdırıldı. Məhz bütün bu uğurlara görə 1969-cu il Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixi hesab olunur.
Mircəlil Qasımlı bildirib ki, həmin illərdə Ulu Öndər respublikanın sənayeləşmə prosesini sürətləndirərək Azərbaycanın ittifaq miqyasında strateji əhəmiyyətini yüksəltdi. Azərbaycan sənayesinin sürətli inkişafı təmin olundu. Kimya sənayesi kompleksinin genişləndirilməsi, energetika infrastrukturunun təkmilləşdirilməsi, maşınqayırma, elektrotexnika və digər sənaye sahələrinin yaradılması Azərbaycanı SSRİ-nin mühüm sənaye regionlarından birinə çevirdi. Görülən bütün bu işlər, eyni zamanda, gələcək müstəqil dövlətin iqtisadi bazasının formalaşdırılmasına xidmət etdi.
“1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq açıq şəkildə sovet rəhbərliyini günahlandırdı, Azərbaycan xalqına qarşı həyata keçirilən terroru ifşa etdi. Bu qətiyyətli addım, eyni zamanda, faciəyə verilən ilk siyasi qiymət idi”, - deyə deputat qeyd edib.
1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini bərpa etməsinə baxmayaraq, ölkədə siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyünü xatırladan Mircəlil Qasımlı bildirib ki, yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsini hiss edən müdrik xalqımız Ulu Öndər Heydər Əliyevə üz tutdu. Məhz Azərbaycana rəhbərliyinin birinci dövründə gördüyü genişmiqyaslı işlərlə xalqın sevgisini qazanan Ümummilli Lider bu dəfə də canından çox sevdiyi Vətəninin, xalqının xilaskarı oldu. Dahi liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan siyasi, hərbi və iqtisadi tənəzzüldən xilas oldu, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ölkədə siyasi sabitlik bərpa olundu, idarəetmə institutları formalaşdırıldı, milli ordu quruculuğu prosesinə başlanıldı, bütün istiqamətlərdə ardıcıl islahatlar reallaşdırıldı. Cari ildə qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz Konstitusiyamız hazırlandı, qanunvericilik bazası formalaşdırıldı, xarici siyasət kursu, enerji strategiyası müəyyənləşdirildi.
“Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə ölkəmizdə hüquqi dövlətin əsasları, hakimiyyət qollarının bölgüsü, insan hüquqlarının müdafiəsi və siyasi sistemin əsas prinsipləri təsbit edildi. Parlamentin, qlobal standartlara uyğun dövlət institutlarının formalaşdırılması, məhkəmə-hüquq sistemində islahatlar, idarəetmədə şəffaflıq və hüquqi mexanizmlərin gücləndirilməsi məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının tərkib hissəsi idi. Bir sözlə, dahi Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin uzunmüddətli və dayanıqlı inkişaf trayektoriyasını müəyyənləşdirdi. Olduqca mürəkkəb geosiyasi mühitdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq sistemə uğurlu inteqrasiyasını təmin etdi. Beynəlxalq təsisatlarla əməkdaşlıq, region dövlətləri ilə balanslı münasibətlər və enerji diplomatiyası Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bu siyasət Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq sistemdə möhkəmlənməsini və nüfuzunun artmasını təmin etdi”, - deyə deputat əlavə edib.
O bildirib ki, bu gün Azərbaycanın qlobal enerji təhlükəsizliyinin mühüm aktoruna çevrilməsi məhz Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil enerji siyasətinin əsasını qoydu. Bu sənəd Azərbaycanın geosiyasi çəkisini artırdı, icra olunan nəhəng enerji layihələri üçün əlverişli zəmin yaratdı.
“2003-cü ildə xalqımız növbəti dəfə müdrik seçim edərək Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirərək Azərbaycanı möhkəm iqtisadi dayaqlara, güclü orduya, böyük nüfuza malik qüdrətli dövlətə çevirdi. Ulu Öndərin qurduğu idarəetmə modeli, milli maraqlara söykənən xarici siyasət kursu, iqtisadi müstəqilliyin təmin olunması və güclü ordu konsepsiyası Prezident İlham Əliyevin müdrik liderliyi ilə keyfiyyətcə yeni mərhələyə yüksəldi, daim inkişaf etdirildi və parlaq qələbələrimizə yol açdı”, - deyə Milli Məclisin deputatı vurğulayıb. (AZƏRTAC)