Xəbər verdiyimiz kimi, dünən Hayastan parlamentində öncə açıq, sonra isə məxfiliyi qorumaq məqsədi ilə qapalı iclas keçirilib və Seyran Ohanyanla Armen Carçyanın deputat toxunulmazlığının ləğv edilməsi üçün baş prokuror Anna Vartapetyan tərəfindən cinayət işi qovluğu təqdim olunub. Bir il öncə baş nazirin köməkçisi vəzifəsindən baş prokuror vəzifəsinə namizəd göstərilən və həmin vəzifəyə təsdiq edilən Anna Vartapetyanın öz ana dilinin qaydalarını bilmədiyi isə fevralın 8-də jurnalist Vahe Makaryanın "Hraparak"da yayılmış analitik məqaləsində faktların dili ilə sübut olunur. Müəllif yazır ki, Anna Vartapetyan baş prokuror olsa da hüquqla bağlı terminlərin bəzilərini bilmir, ya da düzgün tələffüz etmir. Müəllif yazır: "o, "nəzərə alaraq" əvəzinə "olar, olar ki","qartal (oxumaq - N.Q)"əvəzinə "qertel" deməklə nəinki erməni dilinin, həm də hüquq qaydalarından uzaq olduğunu nümayiş etdirib."
(Yerigəlmişkən qeyd edək ki, Annanın dünənki iclasının açıq keçən hissəsində çıxışını dinləyərkən onun ləhcəsininin Göyçə mahalında yaşayan hayların ləhcəsinə mənsubluğu tam aydın görünürdü. Onu da xatırladaq ki, haylar həmin bölgəyə 19-cu əsrin 30-cu illərindən sonra İrandan gətirildiklərinə görə soydaşları onları indi də "persoy" adlandırır.)
Müəllif məsələ ilə bağlı Seyran Ohanyanla apardığı müsahibəni də paylaşıb. Xocalı qatili baş prokurorun məruzəsinin baş nazirin göstərişi və redaktəsi ilə hazırlandığını deyərək vurğulayıb ki, bu, sırf siyasi şoudur. İttihamları sübut etmək mümkün olmayacaq, həbsi isə təkcə mənsub olduğu partiyada deyil, həm də cəmiyyətdə narazılıq yaradacaq və yeni etiraz aksiyaları başlayacaq, nəticədə həm baş prokuror, həm də hakimiyyət istefaya məcbur olacaqdır.
Göründüyü kimi, axsaq ayağı həbsxana astanasında olan S.Ohanyan etdiyi cinayətlərin məsuliyyətindən yayınmaq istəyir. Amma bu dəfə onu heç bir sədd qoruya bilməyəcək.
Nəsib Qaramanlı
P.S. Sözügedən məsələ ilə bağlı qapalı müzakirə bu gün də davam edib.