22.06.2025, 08:21
AZ EN
07.09.2023, 12:37 329

Ermənistanın ABŞ-la hərbi təlimlərə hazırlaşması Rusiyanın səbrini daşıra bilər

YAZILAR
  • Rusiya ilə artıq hədə dilində danışan Ermənistan indi də Birləşmiş Ştatlarla hərbi əməkdaşlığın anonsunu verir. Əgər Ermənistanın müdafiə nazirliyinə inansaq,  gələn həftə Birləşmiş Ştatlarla birlikdə  hərbi təlimlər keçiriləcək.  Rusiyanın bu xəbərə reaksiyası özünü çox gözlətməyib.

Rusiyanın səbrini sınayan Ermənistanın Moskvanı qəzəbləndirəcək daha bir addım atmağa hazırlaşır. Belə ki, Ermənistan müdafiə nazirliyi  sentyabrın 11-dən 20-dək ABŞ-la birgə hərbi təlimlərin keçiriləcəyi anonsunu verib. Xəbərə Moskvadan münasibət gecikməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  açıqlamasında deyib: “Təbii ki, bu cür xəbərlər, xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edəcəyik və vəziyyətin gedişini izləyəcəyik”.

Ekspertlər İrəvanın son bəyanat və addımlarının Moskva ilə  aralarındakı gərginliyi daha da artıracağını düşünür.

Ekspert Fərhad Məmmədov məsələyə münasibətini belə ifadə edib:“Amerika Birləşmiş Ştatlarına Ermənistanda təkcə iqtisadi-siyasi deyil, həm də hərbi sahədə  peyda olması, onun fəaliyyətinin genişləndirilməsi, Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyanı və Ermənistanı özünə yaxın bilən İranı da  öz narazılıqlarını ifadə etməyə məcbur edəcək. Bu, əlbəttə ki, iki ölkə arasında qarşılıqlı etimadsızlığı daha da dərinləşdirəcək”.

Ermənistan Birləşmiş Ştatlarla hərbi təlimlər planlaşdırdığı halda, bu il  ölkə ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etməyib. Üstəlik, ötən gün təşkilatdakı nümayəndəsini geri çağırıb.

Rəsmi İrəvan artıq bir müddətdir Kollektiv Təhlükəsizlik Təşkilatının fəaliyyətsizliyindən şikayət edir. Ekspertlər hesab edir ki, Amerika Birləşmiş Ştatları-Ermənistan təlimləri Rusiya və kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı demaşdır.

“Təlimlərdə Ermənistan əsgərləri Birləşmiş Ştatlara deyil, Amerika əsgərləri Ermənistana dəvət alıb. Bu, o deməkdir ki, Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşaraq, Birləşmiş Ştatların və Fransanın simasında tam olaraq, onun düşmənlərinə yönəlmək yolundadır. Ermənistan-Birləşmiş Ştatların hərbi təlimləri Rusiyanın səbrini daşıracaq son damla ola bilər. Bu, Rusiya tərəfindən artıq sözdə deyil,  əməldə sərt addımların atılması ilə nəticələnə bilər”,- deyə rusiyalı ekspert Sergey Markov vurğulayıb.

Bu gün Ermənistan Rusiyadan uzaqlaşmaq istəyini daha yüksək səslə bəyan edir və görünən odur ki,  hələ belə bəyanatların ardı gəlməkdə davam edəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər