26.01.2026, 15:44
AZ EN
26.01.2026, 13:49 43

Prezident İlham Əliyev Azərbaycanı dünyada gedən proseslərin birbaşa iştirakçısına çevirməyi bacarıb

YAZILAR
  • Dünya sürətli inkişaf mərhələsindən keçir. Bu mərhələdə liderlər çətin tapşırıqlarla üz-üzə qalırlar. Onlardan elə həll yolları tələb olunur ki, təkcə öz milli maraqları təmin olunmasın, eyni zamanda, planetar çağırışlara cavab verilsin. Belə bir şəraitdə liderlər həm də mübahisəli normalar, dəyişən ittifaqlar və etimadın aşınması dövrü ilə qarşı-qarşıya qalırlar. Deməli, vəziyyət kifayət qədər mürəkkəbləşir. Şübhəsiz ki, bu proseslər cəmiyyətlərə də ciddi təsir göstərir. Cəmiyyətlər daxilində artan parçalanma, sürətlənən mürəkkəblik və texnoloji dəyişikliklərin tempi müşahidə olunur. Təhlükəsizlik və suverenliklə bağlı uzun müddət mövcud olmuş fərziyyələrə etiraz edilir, yeni nizam formalaşır. Bu yeni nizam əməkdaşlıq üçün yeni mexanizmlərə ehtiyac duyur. Məhz belə bir mərhələdə Davos İqtisadi Forumunun sayca 56-cı yığıncağının proqramı mühüm əhəmiyyət kəsb edir. Çünki məhz bu Forumdan sonra bir sıra məsələlərin konkretləşdiyinin şahidi oluruq. Prezident İlham Əliyev bir lider olaraq dünyada gedən proseslərdən kənarda qalmır, əksinə Azərbaycanı bu proseslərin birbaşa iştirakçısına çevirməyi bacarıb. Forum “Əməkdaşlıq ruhu” mövzusu altında keçirilirdisə, dünya nizamını qabaqlamağı bacaran Azərbaycan Lideri atdığı addımlarla həm öz regionuna əməkdaşlıq gətirir, həm də yürüdüyü xarici siyasətdə bunu müxtəlif regionlar üzrə tətbiq edir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Bu günün əsas məsələlərindən birinin insanlara daha yaxşı sərmayə qoymağın yollarını tapmaq olduğunu deyən deputat əlavə edib: “Çünki bütün dünyada işçi qüvvəsinin dayanıqlığının artırılması həyati əhəmiyyət daşıyır. Köhnə ixtisaslar sıradan çıxır, yeni ixtisaslar formalaşdırılmalı, iş yerləri yaradılmalı, işçi qüvvəsinin hazırlıq səviyyəsi yüksəldilməlidir. Texnoloji dəyişikliklər bu prosesləri zəruri edir. Çünki texnoloji yeniliklər dünyada gedən dəyişikliklərin ən böyük lokomotivi olmaqla yanaşı, demoqrafik transformasiyanı və yaşıl keçidi də özü ilə gətirir. Dövlət-özəl tərəfdaşlığı gələcəyin işlərinə hazır olan, daha müasir və dayanıqlı cəmiyyətin qurulmasına töhfə verə bilər. Eyni zamanda, innovasiyalar ölçülü və məsuliyyətli şəkildə tətbiq edilməlidir. Süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Müxtəlif texnologiyaların inteqrasiyası innovasiyanın daha sürətli inkişafına şərait yaradır. İdeyalar laboratoriyalardan real həyata daha tez keçməyə başlayır. Bu isə təkcə sənayenin inkişafına təkan vermir, həm də gündəlik həyatın keyfiyyətini artırmaq üçün yeni imkanlar yaradır.

Gələcək enerji ehtiyaclarının qarşılanması yeni texnologiyaların genişləndirilməsini, elektrik şəbəkələrinin modernləşdirilməsini və daha çox insanın innovasiyalara çıxışının təmin olunmasını tələb edir. Süni intellekt etik və məsuliyyətli təcrübələrə əsaslanmalıdır ki, real dünya problemlərinin həlli konstruktiv istiqamətdə mümkün olsun. Proseslərin nəbzini dəqiq tutmağı bacaran, zamanı qabaqlayaraq addımlar atan Azərbaycan Lideri builki Davos Forumunda da mühüm mesajlar verdi.

Daha bir reallıq isə açıq şəkildə görünür: bu gün dünyada çox azsaylı liderlərə hörmət və ehtiram göstərilir. Davos İqtisadi Forumu zamanı Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram Azərbaycan Liderinin məhz bu liderlər sırasında olduğunu deməyə əsas verir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən qüdrətli dövlətlərindən biri ilə münasibətlərini ən yüksək səviyyədə qurmağı bacarır. Bu münasibətlərin formalaşmasının əsas səbəbi Azərbaycanın prinsipial mövqeyindən qətiyyən geri çəkilməməsidir. ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması ilə bağlı qərarını elan edərək, Azərbaycanı bu təşkilatın təsisçi üzvü olmağa dəvət edib. Bu, tarixi bir uğurdur. Bu dəvət Azərbaycana göstərilən etimadın bariz nümunəsidir. Bu, Azərbaycan xarici siyasətinin beynəlxalq münasibətlər sistemində nə qədər uğurlu olduğunu təsdiqləyir. Bu, illərlə yürüdülən siyasətin düzgünlüyünün nəticəsidir. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlıqda, sülh və sabitliyin təmin olunmasında maraqlı ölkə kimi çıxış edib və atdığı addımları da bu prinsiplərə uyğun şəkildə müəyyənləşdirib.

Dövlət-özəl əməkdaşlığı son illərdə daha aktiv mərhələyə keçib

“Davos Forumu ətraf mühitin mühafizəsi ilə iqtisadi artımın paralel şəkildə inkişaf edə biləcəyini də sübut etdi. Bərpaedici və inklüziv yanaşmalara sərmayə yatırılması vacibdir. Bu istiqamətdə resursları tükətmədən, dünyanın ayrı-ayrı regionlarını və xalqlarını geridə qoymadan uzunmüddətli rifah yaradan iqtisadi modellər formalaşdırılmalıdır. Təbiətə vurulan zərər yer kürəsinin 75 faizinə təsir göstərir ki, bu da həm ekoloji, həm də iqtisadi risklər yaradır. Bu səbəbdən təbiətə müsbət təsir edən biznes modellərinə keçid zəruridir. Forumun araşdırmalarına görə, 2030-cu ilə qədər bu sahədə hər il 10 trilyon dollar gəlir əldə etmək mümkündür.

Dövlət-özəl tərəfdaşlığı bu prosesdə əsas atributlardan birinə çevrilir. Liderlər tərəqqi sürətini qorumaq üçün bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməlidirlər. Azərbaycanın həyata keçirdiyi siyasətə və iqtisadi inkişaf modelinə nəzər saldıqda görürük ki, dövlət-özəl əməkdaşlığı son illərdə daha aktiv mərhələyə keçib. Qarabağ və Şərqi Zəngəzurun bərpasında bu əməkdaşlıq öz real nəticələrini göstərir. Azərbaycan Prezidenti dövlət institutlarının fəaliyyətini elə formalaşdırır ki, özəl sektora maneə yaradan alətlər və mexanizmlər tamamilə aradan qaldırılsın. Bununla da özəl sektorun fəaliyyəti üçün daha geniş imkanlar yaradılır.

Bu baxımdan Davos Forumunun prioritetləri ilə Azərbaycanın daxili və xarici siyasətdə atdığı addımlar tam uzlaşır. Forum zamanı xüsusi diqqət çəkən məsələlərdən biri də Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə və verdiyi müsahibələrdə səsləndirdiyi fikirlərin son dərəcə konkret və eyni zamanda, əhatəli olmasıdır. Azərbaycan Lideri dünyada gedən proseslərə diqqətlə yanaşır, aydın vizyona malikdir. Məhz bu amil dəyişən dünyada Azərbaycanı istənilən ssenariyə hazır vəziyyətdə saxlayır”, - deyə A.Badamov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər