Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya edilərək artırılır. Hələlik, dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək.
Millət vəkili bildirib ki, 2025-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksləşdirmə də məhz o zaman aparılacaq: "Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır". V.Bayramov əlavə edib ki, deməli, növündən asılı olmayaraq, vətəndaşımız əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Tahirə AĞAMİRZƏ