19.12.2024, 15:10
AZ EN
19.12.2024, 11:27 217

Turan Rzayev: "Bu, Ulu Öndər Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin apardığı balans siyasətidir"

YAZILAR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkir.

Bakının prioritetləri

Prezident İlham Əliyevin son çıxışlarına, müsahibələrinə diqqət yetirdikdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamazdan öncə etməli olduğu üç aktı önə çəkdiyini görmək olar. Bunu politoloq Turan Rzayev ölkə başçısının müsahibəsinə fikir bildirərkən deyib. O, əlavə edib ki;

Birincisi, Ermənistan öncə öz Konstitusiyanı dəyişməlidir;

İkincisi, Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir;

Üçüncüsü isə Ermənistan ilkin mərhələdə Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir.

Politoloq əlavə edib ki, Prezident cənab İlham Əliyev Dmitri Kiselyova müsahibəsində də bu üç məsələyə xüsusi yer verib. Rəsmi Bakı “Ermənistan Konstitusiyanı dəyişməlidir” deyərək Ermənistanın bu gün və gələcəkdə Azərbaycana ərazi iddialarının qarşısını almaq, “Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir” deyərək sülh danışıqlarından kənar aktorları uzaqlaşdırmaq və məsələni regional müstəvidə saxlamaq, Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir” deyərək isə münaqişəni başladığı əsaslara qaytarıb bitirmək istəyir.

Dəyişən dünya, işləməyən beynəlxalq hüquq

Prezidentin müsahibəsində digər diqqətçəkən məqam isə “…hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər” sözləri oldu.

Həqiqətən də, bu gün beynəlxalq münasibətlər, beynəlxalq hüquq dediyimiz anlayışlar İkinci Dünya müharibəsi nəticəsində yaranıb. Yəni kifayət qədər köhnəlib və qeyri-effektiv hal alıb. Misal üçün, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, İsrail-İran gərginliyi, Tayvan, Kipr, Kəşmir, Kosova, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinin dalana dirənməsi bunu bir daha təsdiqləyir.

Polotoloq daha sonra əlavə edib ki, son illər Üçüncü Dünya müharibəsinə dair fikirlər səsləndirilir. Yəni yeni dünya nizamını qurmaq üçün mütləq yeni dünya müharibəsinə ehtiyac yoxdur. Böyük güclər bir araya gəlib nizamlı reformu keçirməlidir. Əks təqdirdə yeni dünya nizamı yeni bir dünya müharibəsindən sonra tərtib edilə bilər.

Azərbaycansayağı balans siyasəti

Prezidentin müsahibəsində diqqətçəkən digər məqamın isə Azərbaycanın xarici siyasəti ilə bağlı dedikləri olduğuna diqqətçəkən politooloq əlavə edib ki, ölkə başçısı deyib ki, xarici siyasətin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə aktor kimi qəbul edilir.

“Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, – deyə dövlətimizin başçısı qeyd edib.

Əslində, bu, Ulu Öndər  Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin apardığı balans siyasətidir. Cənubi Qafqaz hər zaman böyük güclərin diqqətində olub. Region ölkələrinin birqütblü siyasət yürütməsinin ağır fəsadları olur. Misal üçün, Gürcüstan və Ermənistan fərqli vaxtlarda həm Rusiya, həm də Qərbmeyilli siyasət yürüdüb. Nəticədə hər iki ölkədə rəngli inqilab ssenariləri, ya da Gürcüstandakı kimi separatçılığın pik həddi yaşanıb.

Azərbaycanın son 35 illik tarixinə baxdıqda isə görünür ki, Ayaz Mütəllibov dövründə həddən artıq Rusiyapərəst, Əbülfəz Elçibəy dövründə xaotik Türkiyəpərəst siyasət, paraleldə İrana, Rusiyaya yersiz barmaq silkələmək ölkəni siyasi böhran, işğal və parçalanma riski ilə üz-üzə qoymuşdu.

T.Rzayev sonda əlavə edib ki, yuxarıda qeyd etdiyim misalları nəzərə aldıqda deyə bilərəm ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin sirri balans siyasətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər