Bu barədə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Prezident İlham Əliyev müsahibəsində məhz öz ölkəsinin təcrübəsinə əsaslanaraq heç bir əlavə köməyə, yardıma bel bağlamayaraq irəli getməyin, qalib olmağın, uğur qazanmağın yollarını göstərir, Azərbaycanın bundan sonrakı inkişafında da şəxsi potensiala və daxili resurslara güvənərək irəliləyəcəyini önə çəkir. Dövlətimizin başçısı haqlı olaraq, bir çox beynəlxalq təşkilatları zəif və iflic statusunda təqdim edir. Otuz il ərzində beynəlxalq hüququn Qarabağ probleminə qarşı susqun, etinasız münasibəti bu baxımdan meydanda olan bariz nümunədir.
“Prezident İlham Əliyev müsahibəsində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, zaman-zaman hərbi təcavüz və böhranların predmetinə çevrildiyini bildirərək tarixi yaddaşa yenidən ekskurs edir, yeni dövrün reallıq və çağırışları kontekstində vəziyyəti dəyərləndirməyə çalışır. Ölkə rəhbərinin müsahibəsi həmişə olduğu kimi milli maraqlar üzərində qurulmaqla, həmçinin dünyada baş verən münaqişə və ziddiyyətlərə vurğusu ilə seçilir. Yaxın tarixdə hansı proseslər baş verəcək, hansı təbəddülatlar gerçəkləşəcək, ölkələr arasında müharibələr bitəcəkmi? Prezident İlham Əliyev şəxsi təcrübə və qənaətlərinə əsaslanaraq təhlillərini sərgiləyir. Azərbaycan-ABŞ münasibətlərinin dinc məcraya düşməsini bildirir, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı qənaətlərini bölüşür və Azərbaycan-Ermənistan arasında hələ də həllini gözləyən sülh müqaviləsinin aktual olduğunu vurğulayır. Prezident haqlı olaraq bildirir ki, sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmır. Doğrudan da belədir, bu gün bizimlə Ermənistan arasında hərbi savaş bitsə də, təbliğat, təşviqat, informasiya mübarizəsi davam edir. Bu ona görə davam edir ki, Ermənistan dövləti öz öhdəliyindən yayınır, başqa havadarlar və dəstək arayır, milli maraqlarını və xalqının asudə yaşamını nəzərə almır”, - deyə deputat əlavə edib.
Müsahibimiz vurğulayıb ki, Prezident İlham Əliyev hər zamankı kimi, yenə də dünya dövlətlərini sülhə və gərginlikləri yox etməyə çağırır. Heç bir təsisata güvənmədən ayaq üstə dayanmağın, güclənməyin, öz taleyinin sahibi olmağı bacarmanın yollarını nişan verir.
“XII Qlobal Bakı Forumu Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ideyaların toqquşmasına rəvac verən platforma olaraq dəyərləndirilir. İlk növbədə, foruma qatılan 50-dən artıq sabiq dövlət və hökumət başçılarının siyasi potensialına, təcrübə və biliklərinə inamla yanaşmaq, bu təcrübələrdən xoş məramlar istiqamətində yararlanmaq meylini meydana qoyur. İkinci mühüm məqam fikir plüralizminin önə çəkilməsidir. Dövlətimizin başçısının panellər arasında gedən qızğın müzakirələrin ümumi işin xeyrinə olacağını vurğulaması bu baxımdan səbəbsiz deyil. Çünki böyük ideyalar adətən fikir müxtəlifliyi və müzakirələrin mövcud olduğu şəraitdə hasilə gəlir.
Bütün yönləri ilə birlikdə XII Qlobal Bakı Forumu Azərbaycan dövlətinin müsbət imicinin güclənməsinə xidmət edən platforma olaraq xalqlar arasındakı nizama və sülhə xidmət edir. Azərbaycan Prezidentinin müsahibəsi həm bunu mühüm amil olaraq dünyanın gözü önünə sərmək, həm də ona aparan yolun nümunəsini meydana qoymaq baxımından müstəsna qürur və dəyər faktıdır”, - deyə E.Akimova fikrini yekunlaşdırıb. (AZƏRTAC)