23.02.2026, 15:11
AZ EN
23.02.2026, 13:06 21

Sosial media: inkişaf aləti, yoxsa risk mənbəyi?

YAZILAR
  • XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə yadda qalır. Rəqəmsallaşma artıq həyatımızın bütün sahələrinə sirayət edib və sosial media ictimai rəyin formalaşmasında əsas platformalardan birinə çevrilib. Lakin bu güclü alətin cəmiyyətə təsiri birmənalı deyil. Məsələ ondadır ki, sosial medianı necə və hansı məqsədlə istifadə edirik.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, müasir dövrdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də ideoloji təsir və sosial davranış modellərinin istiqamətləndirilməsi mexanizmidir. Onun sözlərinə görə, informasiyaya çıxış imkanlarının genişlənməsi, vətəndaş fəallığının artması və gənclərlə birbaşa ünsiyyət sosial medianın müsbət tərəflərindəndir. Deputat özü də sosial şəbəkələrdən istifadə etdiyini qeyd edir və bunu gənclərə daha yaxın olmaq baxımından vacib hesab edir:
"Təsadüfi deyil ki, UNESCO media və informasiya savadlılığını müasir inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirir.
Lakin məsələnin digər tərəfi də var. Saatlarla davam edən, ictimai və maarifləndirici dəyəri olmayan canlı yayımlar, zəhmətsiz qazancın təşviqi gənclərdə yanlış psixologiya formalaşdırır. Bu tendensiya əmək dəyərlərinin zəifləməsinə, məsuliyyət hissinin azalmasına səbəb ola bilər.
Bu kimi fəaliyyətlər asılılıq yaradır, sosial və maddi problemlərə yol açır. Eyni zamanda qeyri-sağlam həyat tərzini və etik normalara zidd davranışları təbliğ edən məzmunların artması narahatedici məqamdır. Sosial mediada populyarlıq qazanan şəxslər məsuliyyətli davranmalı, cəmiyyətə müsbət nümunə təqdim etməlidirlər".
Deputatın fikrincə, milli-mənəvi dəyərlərin qorunması rəqəmsal mühitdə xüsusi həssaslıq tələb edir. Ana dilinin saflığı, ailə institutunun möhkəmliyi, mədəni və dini irsin düzgün təqdimatı prioritet istiqamətlərdəndir. Media savadlılığının tədris proqramlarına daxil edilməsi və ailə nəzarət mexanizmlərinin gücləndirilməsi zəruri addımlar kimi qiymətləndirilir.
Beynəlxalq təcrübə də göstərir ki, sosial medianın tənzimlənməsi kompleks yanaşma tələb edir. Almaniya nifrət nitqi və qanunsuz məzmunla bağlı sərt qanunvericilik tətbiq edir. Türkiyə sosial media şirkətlərinin ölkə daxilində rəsmi nümayəndəlik açmasını tələb edir. Fransa isə məktəblərdə media savadlılığı və rəqəmsal təhlükəsizlik mövzularını tədris proqramına daxil edib.
Nəticə etibarilə, sosial media bir vasitədir. Onun inkişaf alətinə çevrilməsi də, risk mənbəyi olması da bizim seçimlərimizdən asılıdır. Dövlət, cəmiyyət və ailə birgə fəaliyyət göstərərsə, rəqəmsal mühit sağlam informasiya məkanına çevrilə bilər. Əks halda isə bu platformalar gənc nəslin formalaşmasına mənfi təsir göstərə bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər