20.02.2026, 18:23
AZ EN
20.02.2026, 16:37 23

WUF13-ün Bakıda keçirilməsi regionun dayanıqlı inkişaf gündəliyinə töhfə verəcək

YAZILAR
  • BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (World Urban Forum - WUF13) Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq paytaxt Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Mötəbər forumun Bakıda keçirilməsi regionun dayanıqlı şəhərsalma gündəliyində fəal iştirakını gücləndirməklə yanaşı, qlobal şəhərsalma proseslərinə inteqrasiyanı da sürətləndirəcək.

Bunu açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişikliyi ilə mübarizə, inklüziv inkişaf, sosial bərabərlik, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılacaq.

“Bu isə region ölkələri üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayacaq. WUF13-ün Bakıda təşkili Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, şəhərsalma və məkan planlaşdırılması sahəsində aparılan islahatların beynəlxalq ictimaiyyətə təqdimatı üçün də əlverişli imkan yaradacaq. Xüsusilə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, alternativ və bərpaolunan enerji mənbələrinin inteqrasiyası forum iştirakçılarının diqqət mərkəzində olacaq. Forumun regionda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Bu çərçivədə şəhər idarəçiliyi, nəqliyyat sistemlərinin optimallaşdırılması, ekoloji tarazlığın qorunması və sosial infrastrukturun inkişafı istiqamətində ortaq layihələrin təşviqi mümkün olacaq”, - deyə Arzu Nağıyev vurğulayıb.

Komitə sədri əlavə edib ki, WUF13 regionun investisiya mühitinin təşviqi baxımından əhəmiyyətli rol oynayacaq: “Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, şəhər merlərinin, beynəlxalq təşkilatların, maliyyə institutlarının və ekspertlərin iştirakı yeni iqtisadi əlaqələrin qurulmasına, innovativ layihələrin maliyyələşdirilməsinə və özəl sektorun fəal iştirakına şərait yaradacaq. Bu isə şəhər təsərrüfatı, kommunal xidmətlər, rəqəmsal texnologiyalar və “yaşıl” infrastruktur sahələrində yeni təşəbbüslərin reallaşdırılmasına imkan verəcək. Paytaxtın müasir infrastruktur imkanları, nəqliyyat-logistika potensialı və qlobal tədbirlərə ev sahibliyi sahəsində qazandığı təcrübə WUF13-ün uğurla keçirilməsinə zəmin yaradır”. (AZƏRTAC)

Oxşar xəbərlər