Otuz ildən çox müddətdədir ki, bizimlə düşmənçilik edən bədnam qonşularımızı yaxşı tanıyırıq. Əgər onlar hər hansı şəraitdə zəif düşürlərsə, mütləq şəkildə bizimlə atəşkəs sazişi imzalamağa çalışırdılar. Ordularını qüvvətləndirdikdən sonra isə yenidən xaincəsinə mövqelərimizə hücum edirdilər. Ermənistan hər hansı atəşkəsin və ya sülh sazişinin bağlanması ərəfəsində də daim bu cür təxribatlar törədirdilər. Azərbaycan Ordusunun mövqeləri bir neçə gündür ki, müxtəlif istiqamətlərdə, əsasən də Kəlbəcər istiqamətində olmaqla intensiv şəkildə atəşə tutulur. Əgər biz 2020-ci ildəki Vətən müharibəsindən sonra atəşkəs dövründə olan vəziyyətə nəzər yetirsək, görərik ki, Ordumuzun mövqelərinin atəşə tutulması bu günlərdə daha çox baş verir. Çünki Ermənistan tərəfi heç bir vəchlə Kəlbəcər kimi təbii sərvətlərlə zəngin strateji, mühüm zonanın əlindən çıxması ilə barışa bilmir. Hələ ermənilər sovet vaxtından etibarən Moskvanın köməyi ilə şərti sərhədlərimiz çərçivəsində çox böyük ərazilərimizi qəsb etmişdilər. Amma şanlı ordumuzun İkinci Qarabağ savaşındakı şanlı Qələbəsindən sonra biz onları xəritə illə müəyyənləşdirilmiş yerlərədək çəkilməyə məcbur etmişik. Ümumiyyətlə, Ermənistan bütün bu təxribatları keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmalarına, onların məskunlaşdırılmasına, insanlarımızın ora köçürülməsinə maneçilik törətmək üçün edir.
Bunu son günlər qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin qeyri-qanuni silahlı birləşmələrinin təxribatları bilavasitə orada sülh şəraitini tənzimləməli olan Rusiya hərbçilərinin köməyi ilə edilə bilər. Ona görə ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın bəndlərinə əsasən Qarabağda olan qeyri-qanuni erməni silahlı dəstələri tam tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılmalı və Rusiya sülhməramlı hərbçiləri ilə əvəzlənməli idi. Amma biz bunun əksini gördük. Oradakı qeyri-qanuni silahlı birləşmələrin sayı hazırda 10 minə çatıb. Onlar tam şəkildə müxtəlif silahlarla və texnikalarla təmin edilmiş vəziyyətdədirlər.
Hərbi ekspert vurğulayıb ki, bir neçə gündür ordumuzun bölmələri, əsasən Şuşa, Xocalı, Xocavənd, Ağdam və Kəlbəcər istiqamətlərindən atəşə tutulur. Hesab edirəm ki, qeyri-qanuni erməni terrorçuları həmin istiqamətlərdə də yeni münaqişə ocaqlarını yaratmaq niyyətindədirlər. Çünki Azərbaycanla Ermənistan arasında danışıqların aparıldığı dünyanın güc mərkəzlərində, - istər Brüssel, istər Vaşinqton, istərsə də Moskvada ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri əsas müzakirə mövzusu olmadığı kimi, artıq ermənilərin tələb etdiyi hər hansı muxtariyyət məsələsi də gündəmdə deyil. Belə olan təqdirdə Qarabağdakı separatçı qurumun rəhbərləri xaricdən, eləcə də Ermənistandan onlara ayrılan 100 milyonlarla dollardan məhrum olurlar.
“Digər tərəfdən Rusiya sülhməramlı kontingentinin orada qalması yalnız o halda mümkündür ki, ərazidə yaraqlılar tərksilah olmasın, yaxud oradan çıxarılmasın və daim qaynar münaqişə ocağı kimi qalsın. Əgər ərazidə erməni silahlı dəstələri qalmayacaqsa, Rusiya sülhməramlı missiyası Qarabağdan çıxacaq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandığı təqdirdə isə Rusiyanın Gümrü şəhərindəki 102 saylı hərbi bazası da bu ölkədən çıxmağa məcbur olacaq. Bunu isə şimal qonşumuz istəmir. Artıq bütün sülhpərvər qüvvələr, eləcə də Ermənistanda olan ağıllı insanlar və mövcud iqtidar yaxşı anlayır ki, bölgədə əməkdaşlıq, dinc şəraitdə yaşamaq və inkişaf etmək üçün Azərbaycanla sülh müqaviləsi imzalanması labüddür. Lakin Ermənistanda bəzi radikal qüvvələr bunu istəmir. Çünki münaqişənin sona çatacağı və insanların sülh şəraitində yaşayacağı təqdirdə Rusiya sülhməramlı missiyası artıq gündəmdən çıxacaq. Eləcə də Ermənistanın havadarları olan Avropada və ABŞ-dakı erməni diasporu, eləcə də Moskvanın hakim hərbi dairələri tərəfindən də belə narahatçılıq mövcuddur. Mən Ermənistanın son təxribatlarını məhz belə dəyərləndirərdim”, - deyə Tərlan Eyvazov vurğulayıb. (AZƏRTAC)