Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin bugünlərdə ölkəmizə səfərinə münasibət bildirərkən deyib ki, bu səfər iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir. Eyni zamanda, ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki dövlət arasında əlaqələri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycan Prezidenti də mətbuata verdiyi bəyanatda bu səfərin böyük siyasi əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd edildi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Komitə sədri deyib ki, ABŞ-nin Vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi bu layihənin nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi olacağını diqqətə çatdırıb. Vurğulayıb ki, Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur: təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işlər davam etdiriləcək.
Ç.Qənizadə Vitse-prezidentin mətbuata verdiyi bəyanatdan bəzi məqamları diqqətə çatdıraraq deyib ki, o, Xartiyanın ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluq olduğunu bildirib. Bununla yanaşı, ölkəmizin beynəlxalq terrorizmə qarşı Əfqanıstanda ABŞ-ın hərbi dənizçiləri ilə çiyin-çiyinə vuruşmasını yüksək qiymətləndirib. Vens əminliklə qeyd edib ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq: “ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”.
Hüquq müdafiəçisi Xartiyada iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin əks olunduğunu diqqətə çatdıraraq deyib ki, hər iki dövlət ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər. Bununla yanaşı, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar.
“Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bir daha imkan yaradacaq ki, Azərbaycanla ABŞ rəsmiləri ildə ən azı bir dəfə müntəzəm olaraq görüşə və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan, o cümlədən qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər”, - deyə hüquq müdafiəçisi bildirib. (AZƏRTAC)