"Vətən səsi" xəbər verir ki, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan torpaqlarımızın işğalı dövründə Qarabağda yaşamış ermənilərin geri dönmək hüququnun hələ tam şəkildə itirilmədiyi barədə iddialarını şərh edərkən belə deyib.
Xatırladaq ki, Ermənistan parlamentində təmsil olunan “Hayastan” blokunun nümayəndəsi Levon Köçəryan bir neçə gün əvvəl seçiciləri ilə görüş zamanı Qarabağ ermənilərinin geri qayıdacağı barədə yalan vədlər verməklə tərəfdarlarını aldatmağa çalışıb. Hələ də revanşist əhval-ruhiyyədə olan Köçəryan iddia edib ki, qondarma “artsax xalqı"nın geri qayıtmaq hüququ uğrunda mübarizə davam edir və bunun real nəticələri mümkündür. Hələ siyasətdə çox naşı olan Levon bu iddiaları səsləndirərkən atası Robert köçəryanın yaxın dostu sayılan Rusiya prezidenti Vladimir Putinin köməyindən bəhrələnə biləcəklərinə də işarə edib.
Politoloq Qabil Hüseynli isə Köçəryanın oğlunun revaşsit əhaval-ruhiyyəli bu açıqlamasını "xam xəyal" adlandırıb. O, deyib ki, Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu nəinki atasının ən yaxın dostu olan Vladimir Putin, hətta Erməninstanın hazırkı lideri Nikol Paşinyan özü də etiraf edib və onların hər ikisi öz fikirlərini beynəlxalq ictimaiyyətə dəfələrlə açıqlayıblar. Politoloqun fikrincə, revanşist erməni qüvvələrinin, o cümlədən Köçəryan klanının hazırda heç bir güvənəcək yeri yoxdur: "Köçəryanın deputat oğlunun bu açıqlaması daha çox qarşıdan gələn parlament seçkilərində səs yığmağa xidmət edir. Məlumdur ki, müxalifət nümayəndəsi kimki, onun səs ala biləcəyi hakimiyyətdən narazı qüvvələrdir. Real siyasi gücü olmayanlar adətən, seçkili orqanlarda təmsilçilik üçün çalışarkən mümkün qədər çox səs əldə etmək üçün müxtəlif yalanlara, cəlbedici vədlərə əl atırlar. İndi Ermənistanda bu cür hərəkət edənlər çoxdur. Köçəryanın oğlunun Qarabağdan köçmüş ermənilərin nə vaxtsa geri qayıtarılması vədləri isə tamamilə mümkünsüzdür. Bunu onlar özləri də anlayırlar. Əgər belə olmasaydı, Baş nazirin "əvvəlki hakimiyyətlər erməni xalqını aldadıb, Qarabağ Azərbaycanın suveren ərazisidir, biz bundan sonra real Ermənistan haqqında fikirləşməliyik" bəyanatlarından sonra Qarabağdan köçmüş ermənilərə ev tikməzdilər. Qarabağdan köçənlərə Ermənistanda evlər tikirlər, onları işlə təmin edirlər. Hətta onların böyük bir hissəsi Ermənistanı da birdəfəlik tərk edib və indi xarici ölkələrdə yaşayırlar. Ermənistan hakimiyyəti özü də bildirir ki, Qarabağdan köçən ermənilərin təxminən 35-37 faizi dünyanın müxtəlif yerlərinə səpələniblər. Onlar özləri də anlayırlar ki, Qarabağ problemi yoxdur və Azərbaycan bu məsələni birdəfəlik həll edib".
Elxan SALAHOV