Hərbi ekspert Karen Vitanesyan “Hraparak” agentliyinə noyabrın 1-də verdiyi “Türkiyə və Azərbaycan bu tarixi şansı əldən vermir” başlıqlı müsahibəsində oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüş barədə fikirlərini bölüşüb. O, qeyd edib ki, Nikol Paşinyan vətənsiz və mənəviyyatsı adamdır. Hakimiyyəti ələ keçirdikdən sonra burada uzun müddət qalmaq üçün Ermənistanın dövlət institutlarını, xüsusilə milli təhlükəsizlik sistemini iflic duruma salıb. Beynəlxalq siyasi arenada Türkiyənin və möhtərəm Rəcəb Tayyib Ərdoğanın mövqeyinin getdikcə gücləndiyini, Rusiyanın isə zəiflədiyin vurğulayan hərbi ekspert Azərbaycanın indiki vəziyyətini də xarakterizə edib. O, bildirib ki, Qarabağın Azərbaycanın tərkibində həmişəlik qalması üçün Prezident İlham Əliyev gərəkli işlər görüb. İndiki şəraitdə Azərbaycan ordusu Ermənistanı da tutmağa və erməni məsələsini birdəfəlik həll etməyə qadirdir. Azərbaycanla Türkiyənin ünvanına ermənisayağı ifadələr işlədən bu hərbi ekspertin ordumuza verdiyi qiymət isə sözün həqiqi mənasında reallığı tam əks etdirir.
Arman Abovyan adlı politoloqun “Biz müharibəyə hazırlaşmaq üçün vaxt qazandıq” başlıqlı yazısı isə əsl erməni xislətindən xəbər veriri. O da çoxları kimi, Nikolu tənqid etsə də belə bir gülməli fikir irəli sürür ki, Soçidəki üçtərəfli görüşdən sonra ermənilər müharibəyə hazırlaşmaq üçün vaxt əldə etdi. Reallıqdan uzaq və sağlam təfəkkürdən mərhum olduğu açıq-aydın görünən A.Abovyan tarixə ermənisayağı ekskurs edərək diqqətə çatdırır ki, 1939-cu ilin avqustunda Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək barədə saziş imzalandı. O vaxt Hitler müharibə edəcəyini yaxşı bilirdi, Stalinə isə həmin saziş müharibəyə hazırlaşmaq üçün vaxt qazanmağa imkan verirdi. Erməni əlavə edir ki, Paşinyan nə qədər fərsiz olsa da, sülh müqaviləsi Ermənistanın növbəti müharibəyə hazırlaşması üçün düzgün variantlardan biridir.
Yenidən xatırladaq ki, sülh müqaviləsi terminini bir qayda olaraq dırnaq işarəsi içərisində yazan ermənilər, görünür, Azərbaycan ordusunun Dəmir yumruğunun dadını yaddan çıxarıblar.
Nəsib QARAMANLI