Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış yalnız əhalinin doğma torpaqlarına geri dönməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın yeni inkişaf modelini formalaşdırır: “Böyük Qayıdışın birinci komponenti, təbii ki, vətəndaşlarımızın tarixi yurdlarına qayıtmasıdır. Lakin nəzərə alsaq ki, bu proses ölkə ərazisinin təxminən 20 faizini əhatə edir, burada tamamilə yeni iqtisadi münasibətlər sistemi yaranır. Bu isə Böyük Qayıdışı Azərbaycanın iqtisadiyyatına qazandırılan yeni inkişaf modeli kimi dəyərləndirməyə əsas verir”.
H.Babaoğlu qeyd edib ki, Ağdərə rayonunda aparılan işlər bu modelin real nəticələrini açıq şəkildə göstərir. Logistika infrastrukturunun yaradılması, yolların çəkilməsi, enerji və kommunikasiyaların bərpası, eyni zamanda bu proseslərin əsasən yerli resurslar hesabına davamlı şəkildə təmin olunması yeni inkişaf yanaşmasının əsas göstəricilərindəndir. “Harada Böyük Qayıdış prosesi həyata keçirilirsə, həmin ərazinin iqtisadi, coğrafi və resurs potensialına uyğun fərdi inkişaf modeli formalaşdırılır”, - deyə deputat bildirib.
“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışını xüsusi vurğulayan deputat bildirib ki, bu, Ağdərə rayonunun enerji təminatının yerli imkanlar hesabına həyata keçirilməsi deməkdir və regionun enerji müstəqilliyini gücləndirir. Onun sözlərinə görə, Böyük Qayıdış prosesinin mühüm elementlərindən biri də yeni iş yerlərinin yaradılması və yerli istehsal müəssisələrinin fəaliyyətə başlamasıdır: “Bu müəssisələr ilk baxışdan lokal xarakter daşısa da, nəticə etibarilə Azərbaycanın ümumi iqtisadi sisteminin tərkib hissəsinə çevrilir. Bu da prosesin təsadüfi deyil, sistemli yanaşma əsasında aparıldığını göstərir”.
Deputat dövlət başçısının Tərtər rayonuna səfər zamanı hərbi sənaye obyektlərinin bərpası və yenidən qurulmasının da xüsusi strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hərbi sənayenin inkişafı bir neçə mühüm istiqamətdə dövlət maraqlarına xidmət edir: “Bu, milli təhlükəsizliyin təmin olunması baxımından vacibdir. Təcrübə göstərir ki, ordusunun tələbatını öz hərbi sənaye məhsulları hesabına ödəyə bilməyən ölkələr gec-tez ciddi problemlərlə üzləşir. Azərbaycan artıq hərbi sənaye məhsullarını ixrac edən ölkəyə çevrilib və bu, ixracyönümlü iqtisadiyyatın mühüm göstəricisidir və bu sahənin inkişafı həm də yeni iş yerlərinin açılması, yerli əhalinin istehsal proseslərinə cəlb olunması deməkdir”.
H.Babaoğlu sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Ağdərə və Tərtərə səfəri Böyük Qayıdışın təkcə sosial deyil, həm də yeni iqtisadi və sənaye inkişaf modeli olduğunu bir daha təsdiqlədi və bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı gələcəyini təmin edən əsas strategiyadır. (AZƏRTAC)