Şanlı ordumuzun tarixi qələbəsindən sonra özünün ən çətin dövrünü yaşayan Ermənistanda bir ildən çoxdur ki, qarşılıqlı ittihamlar, didişmələr davam edir və bu hər həftə yeni mövzularla müşayiət olunur. Yanvar ayının son 5 günündə isə burada qarşılıqlı ittihamlar yeni müstəviyə keçib.
Belə ki, məlum olduğu kimi, 2017-ci ildəki Konstitusiya islahatlarından sonra baş nazir iddiasında olan Serj Sarkisyanın vasitəsi ilə məhdud səlahiyyətlərə malik prezident vəzifəsinə biznesmen alim, Ermənistanın Böyük Britaniyadakı sabiq səfiri Armen Sarkisyan milli məclisdə prezident «seçdirdikdən» sonra «Haykakan Jamanak» qəzetinin o vaxtkı baş redaktoru Nikol Paşinyan onu «dekorativ prezident» adlandırmışdı. 2018-ci ilin fevralındakı «məxməri inqilab»dan bir neçə ay sonra isə baş nazir olan N.Paşinyan köhnə komandanın, demək olar ki, bütün üzvlərini dəyişsə də «dekorativ prezident»ə qarşı loyal münasibət göstərməyə başlamışdı. Qarabağdakı şanlı Zəfərimizdən sonra öz çıxışlarında Azərbaycana qarşı barışmaz münasibət sərgiləyən Armen Sarkisyanın müxtəlif görüşlər və müsahibələr zamanı «prezident kimi təsir və təzyiq vasitələrim mövcud deyil» deməsi Paşinyan tərəfdarlarında belə bir fikir formalaşdırmışdır ki, prezident də barışmaz müxalifət nümayəndəsidir. Yanvarın 23-də A.Sarkisyanın milli məclisə müraciət edərək istefasının qəbul olunmasını xahiş etməsindən sonra qarşılıqlı ittihamlar daha da kəskinləşməyə başladı. Ermənistanın ikinci prezidenti Robert Koçaryan dərhal bəyan etdi ki, «mən Armen Sarkisyanı yaxşı tanıyırdım və onun idarəsiz olduğunu bilirdim. Ona görə də Serj Sarkisyana məsələhət görmüşdüm ki, Armeni prezident vəzifəsinə gətirməsin. Dediklərim indi sübut olundu». Koçaryanın bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bildirirlər ki, Koçaryan özü prezident olmaq istəyirmiş, ona görə də bu təyinatın əleyhinə olub. Vurğulanır ki, Serj Sarkisyanla Koçaryan uzun illər birgə işləyiblər. Serjik yaxşı bilirdi ki, Robert «dekorativ prezident» olsa özü baş nazir postundan getməyə məcbur olacaqdır.
Ermənistanın indiki iqtidar komandasının kimin prezident olması ilə bağlı fikirləri də sosial şəbəkələrdə geniş yer alıb. Amma yanvarın 26-da məlum olub ki, Nikol Paşinyan həmin vəzifədə nazirlər kabinetinin aparat rəhbəri Araik Harutyunyanı görmək istəyir. Müxalif deputat Arcriv Minasyan yanvarın 26-da milli məclisin binasındakı brifinqdə bildirib ki, onların öz namizədi var və bu hələ açıqlanmayıb. Jurnalistin «həmin namizəd Robert Koçaryandırmı?» sualına cavab isə qısa olub: «Mən dedim axı, hələ müəyyənləşdirməmişik».
Ermənistan Konstitusiyasına görə prezident istefa ərizəsini bir həftə ərzində geri götürməsə, o artıq istefaya getmiş hesab olunur və milli məclis 25, ən geci isə 35 gün ərzində yeni prezident seçməlidir. Buna qədərsə onun səlahiyyətlərini milli məclisin sədri yerinə yetirir. Erməni mətbuatının yazdığına görə, yeni prezident də «dekorativ» olacaqdır. Yəni, onun məhdud səlahiyyətləri var. Ona görə də ölkənin parlament idarəçiliyindən prezident idarəçiliyinə qayıtması daha məqsədə uyğun hesab olunur.
«Joğovurt» qəzeti 25 yanvar tarixli sayında «Arman Tatoyan nə iş görəcək» sərlövhəli yazıda göstərir ki, yanvarın 24-də Kristina Qriqoryan 68 səslə insan haqlarının müdafiəçisi (Ombudsman) seçilib. Xatırladılır ki, Arman Tatoyan 2016-cı il fevralın 23-də bu vəzifəyə seçilmişdir və bu il fevralın 24-dək öz işini davam etdirəcək, sonra nə işlə məşğul olacağı məlum deyil. Çünki Paşinyan komandasının üzvü deyil və öz çıxışları ilə iqtidar nümayəndələrinin rəğbətini qazanmayıb. Yerigəlmişkən qeyd edək ki, Arman Tatoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsinin əleyhdarı kimi də tanınır.
Qəzetimizin ötən sayında erməni mətbuatına istinadən qeyd etmişdik ki, yanvarın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyanın toyu olacaq və baş nazir Nikol Paşinyan da dəvət olunan 500 nəfərin içindədir. «Joğovurt» qəzeti 25 yanvar tarixli sayında onu da yazır ki, N.Paşinyan həmin toyda həyat yoldaşı Anna ilə iştirak edib və onlar xeyli şənləniblər. S.Papikyanın toyunun bahalı şadlıq sarayında keçirilməsi Ermənistan müxalifətində yeni hücum mövzusuna çevrilib. Belə ki, Koçaryan və Sarkisyan tərəfdarları baş prokurorluğa müraciət edərək S.Papikyanın həmin pulları haradan alması ilə bağlı yoxlamalar aparılmasını istəyib. Bununla bağlı müəyyən fikirlər səslənir və bəzi siyasətçilər belə dəbdəbəli toyun yeganə hal olmadığını bildirməklə məişət məsələsinin siyasi məsələ ilə qarışdırılmamasını vurğulayırlar.
Qarabağdakı separatçı quruma 2022-ci il üçün 144 milyard dram ayrılması və bunun ötən ildəkindən 100 milyard dram çox olması da birmənalı qarşılanmayıb. Bəzi ekspertlər həmin vəsaitin evsiz ermənilərə ev tikilməsi üçün ayrıldığını bildirsə də, bəzi ekspertlər bu vəsaitin separatçıların rəhbəri A.Harutyunyana Paşinyanın dediklərinə əməl etməsi üçün verildiyini bildirirlər. Separatçı qurumun sabiq «müdafiə naziri» Samvel Babayan isə Araikdən narazı olduğunu bildirərək deyir ki, o, Paşinyanın dediklərini icra etməməlidir. «Mən sülh sözünü qəbul etmirəm» - deyən Samvel Babayan öz sayıqlamaları ilə yeni müharibənin başlamasının tərəfdarı olduğunu gizlətmir. Bir neçə sosial şəbəkə istifadəçisi isə ona haqlı irad bildirir ki, bir də müharibə olarsa, türklər İrəvanda Qələbə paradı keçirəcəklər.
«Joğovurt» qəzetinin 27 yanvar tarixli sayında bir sıra siyasi məqalələrlə yanaşı N.Paşinyanın yanvarın 22-də müdafiə naziri S.Papikyanın toyunda koronavirusa yoluxduğu barədə məqalə dərc olunub. Məqalədə göstərilir ki, Paşinyanla birlikdə «Vətəndaş müqaviləsi» blokundan Eduard Ağacanyan və daha bir neçə deputat da virusa yoluxub. Qəzet bununla bağlı Ermənistan səhiyyə nazirliyinin müvafiq idarəsindən arayış verməyi xahiş edib və həmin qurumdan redaksiyaya bildirilib ki, bu barışmaz müxalifətin növbəti uydurmasıdır. Amma baş nazirin aparatı N.Paşinyanın koronavirusa yoluxduğunu təsdiqləyib.
Göründüyü kimi Ermənistanda siyasi didişmələr məişət mübahisələri kimi ucuz və məntiqsiz ittihamlarla davam edir. Ermənilərin bu dəfə kimi «dekorativ prezident» seçəcəkləri isə bir ay ərzində müəyyən olunacaqdır.
Nəsib QARAMANLI