Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransı da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub. İqtidar nümayəndələri bununla bağlı müsbət fikirlər söyləsələr də müxalifət öz ənənəsinə sadiqlik nümayiş etdirərək növbəti "söz hücumuna" başlayıb. Politoloq Arman Ayvazyan isə belə bir gülməli fikir yayımlayıb ki, həmin gün Azərbaycan Prezidentinin də mətbuat konfransı keçirməsi iki ölkə rəhbərinin nümayəndələrinin öncədən əldə etdikləri razılığın nəticəsidir. O, əlavə edib ki, "daha doğrusu, Paşinyan məhz öz ağası olan İlham Əliyevin tapşırığını yerinə yetirib". Azərbaycan Prezidentinin nikbinliyini paxıllıqla vurğulayan erməni politoloq Paşinyanın cümlələrinin bəzən erməni dilinin qrammatikasına uyğun gəlmədiyini isə onun həm də siyasi leksikonunun kasıblığı ilə əlaqələndirərək vurğulayıb ki, o kapitulyant olmaqla yanaşı, həm də siyasi diletant və söz ehtiyatı olmayan adamdır.
Politoloq Suren Barseğyan da Nikolun zəifliyini önə çəkərək bildirib ki, o, Azərbaycan Prezidenti ilə müqayisədə həm də fiziki cəhətdən çox qüsurludur. Beynəlxalq arenada Azərbaycanın öz maraqlarını qorumağa qadir olduğunu, Ermənistanın isə sözünün eşidilməməsini aparılan siyasətin nəticəsi kimi dəyərləndirən Barseğyan növbəti müharibənin qaçılmaz olduğunu bildirərək erməniləri növbəti fəlakət gözlədiyinə əminliyini də dilə gətirib.
Milli demokratik qütb radikal təşkilatı isə günorta Azadlıq meydanında RF -na qarşı etiraz mitinqinə başlayıb. "Qütb"ün rəhbərlərindən olan Jirayr Səfilyan bildirib ki, ruslar bölgəni tərk etməli, onun yerinə Fransa və ABŞ gəlməlidir. "Biz ABŞ və Fransanın əlindən bərk tutmalıyıq... İndi 100 il əvvəlki kimi deyil ki, avropalıların gəmisi dağlara qalxa bilməsin...həmin gəmilər indi dağlara lap asanlıqla çıxa bilir"- deyə o, Rusiyanın səfirliyinin qarşısınadək yürüşə çıxacaqlarını, rusların tezliklə bölgədən gedəcəklərinə nail olunacağına əminliyini vurğulayıb.
Nəsib QARAMANLI