Bunu Milli Məclisin deputatı Rövşən Muradov deyib.
Deputat bildirib ki, əgər digər ərazilər, o cümlədən Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan hərbi əməliyyatlarla azad olunubsa, Ağdam, Kəlbəcər və Laçın siyasi-diplomatik müstəvidə Azərbaycanın uğurları sayəsində geri qaytarıldı. Laçın 1992-ci ildə Ermənistanın işğalına uğramış, nəticədə 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayon əhalisi etnik təmizləməyə məruz qalmışdır. İşğal dövründə Laçın ərazisində ermənilər tərəfindən genişmiqyaslı vandalizm aktları törədilmişdir. Erməni işğalçıları bu rayonda mədəni və tarixi abidələri, eləcə də infrastruktur obyektlərini məhv etmişdir.
Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. 217 mədəniyyət müəssisəsi, 101 təhsil müəssisəsi, 142 səhiyyə obyekti, 462 ticarət obyekti və digər mülki infrastruktur ciddi şəkildə zərər görmüşdür. Ermənilər, Laçın rayonunda qanunsuz məskunlaşma həyata keçirmişdir.
Dövlətimizin başçısı çıxışlarının birində qeyd etmişdir ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də, Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq, qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8-11 min nəfər erməninin yerləşdirildiyi müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə, bu rəqəm 13 mindən artıq idi. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı idi və belə də oldu.
Ümummilli Lider Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini xüsusi vurğulamaqla demişdir: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir. Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən və strateji nöqteyi-nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”.
Azərbaycanın diplomatik uğurları, həmçinin Laçının işğaldan azad olunması ilə paralel olaraq, beynəlxalq hüquq çərçivəsində də öz təsirini göstərdi. 2023-cü ildə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz ərazisində suverenliyini təmin etməsi və erməni silahlı dəstələrinin fəaliyyətinə son qoyması üçün vacib addım oldu. Ermənistan və onun havadarları bu hadisəni etirazla qarşılasa da, beynəlxalq hüquq və Azərbaycanın mövqeyi geniş dəstək qazandı.
Bu gün, Laçın sərhəd-buraxılış məntəqəsi, Azərbaycanın strateji təhlükəsizliyini təmin edən mühüm bir qurum kimi fəaliyyət göstərir. Laçın rayonunda baş verən bu tarixi dəyişikliklər, Azərbaycan xalqının mübarizliyinin və əzmkarlığının təcəssümüdür.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da Laçın Şəhəri Günü ilə bağlı bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi olaraq qeyd etmişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
O zaman Laçın sərhəd-buraxılış məntəqəsi Ermənistandan Azərbaycan ərazisindəki yerləşən qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu tərəfindən keçirilən birgünlük antiterror əməliyyatı Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoydu və ölkəmiz özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam təmin etdi.
Günel QULİYEVA