Bu sözləri Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
Deputat bildirib: “Bu xüsusda, Azərbaycanın BRICS ilə əməkdaşlığı da ölkəmizin qarşılıqlı faydalı siyasi-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Geniş bir coğrafiyanı əhatə edən BRICS hazırda qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edir. Bu, əlbəttə ki, ölkəmiz üçün səmərəli iqtisadi əlaqələr üçün geniş imkanlar açır”.
BRICS-ə üzv olan ölkələrlə Azərbaycan arasında münasibətlərdən bəhs edən deputat deyib ki, təsisatın üzvlərindən olan Çinlə qarşılıqlı etimada əsaslan əlaqələr mövcuddur. Cari ilin iyulunda Astanada dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Digər tərəfdən Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri genişlənir. Müntəzəm qarşılıqlı səfərlər müsbət dinamikanın qorunub saxlanılmasını təmin edir. Həmçinin İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası ilə də qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri genişlənməkdədir.
M.Qasımlı qeyd edib ki, ötən illər ərzində tərəfdaşları ilə birgə nəhəng layihələri uğurla icra edən Azərbaycan artıq beynəlxalq miqyasda etibarlı tərəfdaş ölkə imicini qazanıb. Həmçinin əldə edilən sürətli iqtisadi inkişaf, yaradılan əlverişli investisiya mühiti, müasir yol-nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi beynəlxalq miqyasda Azərbaycan ilə əməkdaşlığa olan marağı daha da artırır. Dünyanın nəhəng enerji şirkətləri uzun illərdir ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Bu gün onlar ölkəmizdə yeni layihələrə böyük sərmayələr yatırırlar. Digər tərəfdən ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradılıb və Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Bu gün Azərbaycanın qlobal təhlükəsizlik məsələlərinin həllinə dəyərli töhfələr verdiyini deyən deputat bildirib ki, COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, ehtiyacı olan üzv ölkələrə maliyyə və humanitar yardımların göstərilməsi ədaləti və beynəlxalq hüququ müdafiə edən Azərbaycanın dünya birliyinin fəal üzvü kimi önəmli rolunu nümayiş etdirir. Elə bu səbəbdəndir ki, dünya ictimaiyyətinin yekdil qərarı ilə ən böyük iqlim konfransı - COP29 bir neçə gündən sonra ölkəmizdə təşkil ediləcək. “Hesab edirəm ki, ölkəmizin geniş bir coğrafiyanı əhatə edən BRICS ilə əməkdaşlığı iqlim dəyişikliyi ilə bağlı məsələlərdə dünya birliyinin həmrəyliyinin təmin olunmasına töhfə verəcək”, - deyə o əlavə edib. (AZƏRTAC)