Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.
Deputat bildirib ki, təklifin rədd edilməməsi, baxılmaq üçün Monitorinq Komitəsinə göndərilməsi bu qurumun da Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasını həzm edə bilməyən səlibçi çoxluğun yığıncağı olduğunu deməyə əsas verir. Çünki söhbət həmin AŞPA-dan gedir ki, bir üzv dövlətinin digərinin torpaqlarını işğal etməsinə 30 il göz yumub. Bu, bir yana qalsın, həmin işğalçı ölkənin keçmiş “fürer”i Robert Köçəryan orada əsl nasist çıxışı edərək azərbaycanlılarla ermənilərin “genetik uyumsuzluq”larından dəm vuranda ona nəinki güldən ağır söz deməmiş, hətta alqışlamışdılar. Alqışlayan çoxluğun sırasında təbii ki, Almaniya təmsilçiləri də var idi. Yeri gəlmişkən, Almaniya təmsilçisinin AŞPA-dakı bu təklifi heç də onun öz təşəbbüsü deyil və fikrimcə, burada Parislə Berlinin birgə fəaliyyətlərindən çox, aralarındakı rəqabətdən danışmaq lazımdır.
“Şvabenin təklifi ona görə öz təşəbbüsü deyil ki, iki gün əvvəl Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komitəsinin sədri Mixael Rot X-də yazdığı cızmaqarasında Avropa İttifaqını “Bakının İrəvana qarşı təcavüz hədələrinə” və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsinə böyük diqqət yetirməyə çağırırdı. Yəni, elə buradan onların hər ikisinin eyni mərkəzdən təlimatlandırıldıqları açıq-aydın görünür. Eyni zamanda, bir daha vurğulayıram ki, silahlı qüvvələrini çıxmaqla, Almaniya özünün bütün göstəriciləri ilə Fransanı kölgədə qoyduğu halda, Cənubi Qafqaz regionunda onun diktəsi ilə hərəkət etməz. Hər ikisi burada ancaq rəqabət apara bilər”, - deyə S.Alıyev vurğulayıb.
Almaniyanın da imperialist keçmişi olan dövlət olduğunu xatırladan deputatın sözlərinə görə, bu ölkə silahlı qüvvələrini də tez bir zamanda Fransanınkından qat-qat güclü etmək iqtidarındadır. Üstəlik, Berlin Makron Fransasının bizim regionla bağlı yürütdüyü siyasətin fiaskoya uğradığını və Ermənistanın yeni boyunduruq axtarışına çıxdığını aydın görür. Almaniya rəsmilərinin rəsmi İrəvanla son zamanlar diqqətçəkən sıx təmaslarından da bəlli olduğu kimi, o, öz boyunduruğunu təklif edir.
“Amma düşünmürəm ki, Berlindəkilərin son zamanlar yürütdükləri siyasət onların bizim regionda mövqelərinin güclənməsinə xidmət edəcək, əksinə, heç arzulamadıqları bir reallıqla üzləşə bilərlər. Ortada Fransa örnəyi var. Yaxşı olardı ki, rotlar, horfrayterlər, şvabelər britaniyalı deputat İan Liddel-Grangerin AŞPA-dakı dünənki çıxışında Azərbaycana qarşı addımların yanlış olduğu, bunun müsbət nəticə verməyəcəyi haqda xəbərdarlığından düzgün nəticə çıxarsınlar. Nəticə çıxaracaqlar ya yox, bunu bilmirəm. Amma Almaniyanın dünyada hegemonluq uğrunda savaşda Böyük Britaniyaya həmişə uduzmasının kökündə dayanan siyasətdə ikincinin birincindən qat-qat üstün olduğu dəqiqdir”, - deyə Sahib Alıyev diqqətə çatdırıb. (AZƏRTAC)