Bu fikri “Star” qəzetinə müsahibəsində Ankaradakı Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı bildirib.
Ekspert regional dialoqu Cənubi Qafqazda sülhün açarı adlandırıb.
L.E.Orallı Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş avqust görüşünün əhəmiyyətini vurğulayıb: “2025-ci il avqustun 8-də Ağ Evdə Birgə Bəyannamənin qəbul edildiyi və sülh sazişinin mətninin paraflandığı görüş postmünaqişə dövründə diplomatik qarşılıqlı fəaliyyətin və dövlət başçılarının şəxsi təmaslarının səmərəliliyini nümayiş etdirdi. Tərəflər açıq şəkildə qarşıdurmaya son qoymaq və münasibətləri tam normallaşdırmaq iradəsini ortaya qoydular”.
Ekspert ATƏT-in Minsk qrupunun buraxılmasının simvolikliyinə və əhəmiyyətinə də diqqət çəkib. “Beynəlxalq vasitəçilik mexanizmlərinin qeyri-effektiv olduğu dövrlərdə ikitərəfli dialoq kanalları və regional prioritetlik öz effektivliyini təsdiqləyir”, – deyə o qeyd edib və hazırda Cənubi Qafqazın “münaqişələrdən inteqrasiyaya keçid prosesi” yaşadığını vurğulayıb.
L.E.Orallı populyar nəşrin oxucularına Azərbaycanın Ermənistana tranzitlə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qonşu ölkəyə Azərbaycan benzininin tədarükünə başlanılması ilə bağlı qərarını da xatırladıb.
Türkiyəli ekspertin fikrincə, iqtisadi inteqrasiya kontekstində TRIPP layihəsi, yaxud Zəngəzur dəhlizi xüsusi diqqətə layiqdir. “Zəngəzur dəhlizi təkcə Naxçıvan ilə Azərbaycanın qalan hissəsi arasında marşrut deyil, həm də Türkiyənin iştirakı ilə çoxtərəfli iqtisadi inteqrasiyanın strateji oxudur”, – deyə o vurğulayıb.
Hacı Bayram Vəli Universitetinin müəllimi Ermənistan Konstitusiyasının redaksiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələblərini əsaslandırılmış adlandırıb. “2025-ci ildən sonrakı dövrdə Ermənistan üçün düşüncə tərzini yenidən nəzərdən keçirmək vacibdir ki, bu da Azərbaycana qarşı ərazi iddialarından imtina ilə özünü göstərəcək. Ermənistanın əsas qanununun dəyişdirilməsi təkcə Azərbaycanla sülh sazişinin bağlanması prosesinin başa çatdırılması üçün deyil, həm də beynəlxalq münasibətlər sisteminə uyğun aktora çevriləcək Ermənistanın özü üçün kritik əhəmiyyət daşıyır”, – deyə ekspert yazıb və regiondakı mövcud vəziyyəti İrəvan üçün “tarixi şans” adlandırıb. (AZƏRTAC)