21.11.2024, 22:13
AZ EN
28.10.2024, 08:45 225

Ermənistan parlamenti spikerinin Qarabağ etirafı və Avropa Parlamentinin siyasi riyakarlığı

YAZILAR
  • Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, xüsusilə, Ermənistan üzərindəki tarixi Qələbəmiz və bir əvvəl yenilməz Ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Bu düşünülmüş siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını durmadan artırır. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ölkəmizin suveren maraqlarına xidmət edən müstəqil siyasət, strateji tərəfdaşlarının çoxalması, mövqeyinin getdikcə daha da möhkəmlənməsi sürətli inkişafımızı gözü götürməyən anti-Azərbaycan qüvvələri və müstəqil dövlətlərin inkişafını həzm edə bilməyən qərəzli beynəlxalq təşkilatları ciddi təşvişə salıb. Təbii ki, bütün bu təşvişlərin, qarayaxmaların, böhtanların inkişafımıza heç bir təsiri ola bilməz. Çünki Azərbaycan hazırda elə bir inkişaf səviyyəsindədir ki, bizimlə təzyiq və ultimatum dilində danışmaq mümkün deyil.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, özünü üzdə haqq-ədalət carçısı, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən, lakin daxildə qərəzli, böhtançı, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə edən bəzi beynəlxalq təşkilatların iç üzü, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Bu baxımdan Avropa Parlamenti, AŞPA, ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası və ermənipərəst senatorları digər böhtançılara “nümunə”dir. Azərbaycan hökumətinin etnik ermənilərə və hökumətə qarşı çıxan etnik azərbaycanlılara törətdiyi iddia edilən insan haqları pozuntularına dair dinləmələrin keçirilməsi, AŞPA ekspertlərinin sərsəm sayıqlamaları, həmçinin Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi başadüşüləndir. Bütün bunlar ölkəmizin sürətli inkişafından yaranmış təşvişin nəticəsidir.

Siyasi şərhçi ölkəmizə qarşı belə qərəz və böhtanlara artıq adət etdiyimizi bildirərək deyib ki, hər dəfə Azərbaycanda mötəbər tədbir keçirilən ərəfədə Qərbin və Avropanın çirkli pullar hesabına işləyən “böhtan maşınları” işə düşür və həmin tədbir başa çatana qədər heç kimə lazım olmayan saxta məhsullar “istehsal edirlər”. Görünür, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı Qərbin və Avropanın ciddi narahatlığına səbəb olub. Onlar yaxşı dərk edirlər ki, bu qərar Azərbaycan dövlətinin yeritdiyi siyasətə hörmət və dəstəyin parlaq sübutudur. COP29-un postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcəyi çox böyük uğurdur. Bütün bu uğurlar qarşısında aciz qalan böhtançılar əsaslı səbəb tapmadıqlarından bu dəfə də insan hüquq və azadlıqlarını bəhanə edərək “zavallı ermənilərin” müdafiəsinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağda separatçıların kökünün kəsilməsindən narahat olduqlarını gizlətməyiblər. Halbuki Ermənistanın dövlət rəsmiləri də artıq Qarabağ reallıqlarını etiraf edirlər. Korrupsiyaya bulaşmış Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: “Öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarmaq”.

Ə.Bədəlov deyib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın parlamentin iclasında Qarabağ reallıqlarını açıq şəkildə etiraf etməsi – “Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayıb, onu Azərbaycanın tərkibində tanıyıb”, “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir” - deməsi qərəzli beynəlxalq təşkilatlara tutarlı cavabdır. Erməni spikerin Qarabağda keçirilən əməliyyatların da beynəlxalq qanunlara uyğun olduğunu deməsi Avropa Parlamentinin siyasi riyakarlığını bir daha təsdiqləyib. A.Simonyan deyib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi ilə Qarabağda əməliyyat keçirib.

Siyasi şərhçi Avropa Parlamentinin Ermənistana xüsusi nəvaziş nümayiş etdirməsinin əsas səbəbinin çirkli pullar olduğunu bildirib. O, Avropa Parlamentinin korrupsioner qurum olduğunun artıq dünya ictimaiyyətinin də bildiyini, iki il əvvəl bu qurumun sədr müavini Eva Kaylinin Belçika Federal Prokurorluğu tərəfindən korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verdiyini xatırladaraq deyib ki, təşkilatın vitse-prezidentindən sonra daha 3 nəfər həbs olunub. Çirkin əməllərindən əl çəkməyən “insan hüquq və azadlıqlarının müdafiəçisi”, eyni zamanda, “haqq- ədalət aşiqi” Ermənistanda revanşist meyillərin gücləndirilməsi və regionda yenidən münaqişənin alovlandırılması üçün dəridən-qabıqdan çıxır.

Siyasi şərhçinin fikrincə, artıq Ermənistan rəsmiləri də Avropa Parlamenti kimi qərəzli və böhtançı beynəlxalq təşkilatların yalanlarından təngə gəliblər. Bunu erməni spikerin açıqlamaları da təsdiqləyir. Görünən budur ki, Ermənistanın dövlət rəsmiləri reallıqları etiraf etmək məcburiyyətindədir və yalanlardan, böhtanlardan əl çəkmək istəyirlər, ancaq…motal əl çəkmir. (AZƏRTAC)

Oxşar xəbərlər