"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, Bakı ilə İrəvan parametrlərlə bağlı razılığa gələ bilər. Lakin Zəngəzur dəhlizi uğrunda İran, Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı və digər aktorlar arasında mübarizə gedir: "Belə vəziiyətdə prosesi kənardan müşahidə etmək daha əlverişlidir. Rəsmi Bakı məsafə saxlamaqla hadisələri izləyərək Ermənistanın nəhayət, məsuliyyəti üzərinə götürməsini gözləyir. İrəvanın verdiyi qərar onun Rusiya, İran, ABŞ və Avropa İttifaqı ilə olan münasibətlərinə təsir edəcək".
Zaur Məmmədov hesab edir ki, Zəngəzur dəhlizi sadəcə nəqliyyat qovşağı deyil, siyasi və iqtisadi çəkisi böyük olan qlobal əhəmiyyətli layihədir: "Bu, Avrasiyanın orta xəttində vacib nöqtələrdən biridir. Yaxın Şərqdə, İran, Suriya, İraqda ciddi dəyişikliklərin olduğu nəzərə alınsa, Zəngəzurun strateji əhəmiyyəti bir neçə dəfə artacaq. Ona görə də İsrail, ABŞ, Rusiya, Çin, İran və Avropanın bəzi mərkəzlərində bu xətt uğrunda maraqlar kəsişir. Bu xəttə görə üst-üstə düşən mövqelərlə yanaşı ziddiyyətlər də var. Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra bu ölkənin İsrail və İranla bağlı qərarları məlum olacaq. Hadisələr dəyişərsə, Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında mübarizənin daha qızışması müşahidə olunacaq".
Siyasi təhlilçi Natiq Cəfərli də Zəngəzur dəhlizinin qlobal məsələyə çevrildiyini, Azərbaycanın haqlı tələbi ilə ortaya atılan bu layihənin Cənubi Qafqazda və dünyada geosiyasi proseslərə böyük təsir göstərdiyini təsdiqləyir. Onun fikrincə Zəngəzur dəhlizi ilə bağlı əsas problem Ermənistanla Azərbaycan yox, Ermənistanla Rusiya arasındadır: "Dəhliz uğrunda siyasi mübarizənin genişlənərək qlobal xarakter alması daha çox bu kommunikasiya xəttinə kimin nəzarət edəcəyi ilə bağlıdır. Ancaq Paşinyanla Putinin Moskvadakı görüşündən sonrakı vəziyyət göstərir ki, Ermənistanla Rusiyanın dəhlizə birgə nəzarət etməsi haqqında müəyyən bir formul tapılıb. Yəni, Rusiya Ermənistandakı hərbçilərini İranla sərhəddən çıxarmağa, Türkiyə ilə sərhədə isə erməni ordusu ilə birlikdə nəzarət etməyə razı oldu. Moskva bununla İrəvana müəyyən qədər güzəştə getdi. Bu, Zəngəzur dəhlizin açılması məsələsində də tərəflər arasında anlaşma ola biləcəyinə əsas verir. Deməli, Zəngəzur dəhlizinə də nəzarəti Rusiya Ermənistan hərbçiləri ilə birlikdə həaya keçirə bilər. İndiki halda bu, olduqca real görünür".
Elxan SALAHOV